Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə tanışını bıçaqlayaraq ona ağır xəsarət yetirməkdə təqsirləndirilən Fərqin İsbatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə Fərqin İsbatovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Xatırladaq ki, hadisə 17 oktyabr 2025-ci ildə Bakının Binəqədi rayonunda qeydə alınıb.
İttihama görə, 2004-cü il təvəllüdlü Fərqin İsbatov şəxsi münaqişə zəminində 2005-ci il təvəllüdlü İsrafil Babayevi kəsici-deşici alətlə bıçaqlayaraq ona ağır xəsarət yetirib.
Hadisədən dərhal sonra F. İsbatov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə cinayət işi başlanıb.
Fərqin İsbatov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
