Diplomatik nümayəndəliklərdə çalışan diplomatik xidmət əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə müəyyən ödənişlər və digər təminatlar verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Qaydalar diplomatik nümayəndəliklər və konsulluqların maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir. Sənəd “Diplomatik xidmət haqqında” və “Büdcə sistemi haqqında” qanunların tələblərinə uyğun hazırlanıb. Təminatlar diplomatik xidmət əməkdaşlarının diplomatik nümayəndəliklərdə işlədikləri dövrü əhatə edir. Birgə yaşayan ailə üzvlərinə ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan uşaqlar daxildir. Qaydalar, 6.8-ci bənd istisna olmaqla, diplomatik nümayəndəliklərdə inzibati-texniki xidməti həyata keçirən şəxslərə və onların ailə üzvlərinə də şamil olunur. Beləliklə, sənədlə həm diplomatik xidmət əməkdaşlarının, həm də müəyyən kateqoriyadan olan inzibati-texniki işçilərin təminatları tənzimlənir.