Rusiyanın axtarışa verdiyi azərbaycanlı Türkiyədə saxlanılıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Muğla Polis İdarəsinin Kəşfiyyat və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbələrinin əməkdaşları axtarışda olan şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib.

Əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı E.A. bu gün Marmarisdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin adamlarından biridir. Onun barəsində Türkiyədə tətbiq olunan G-26 məhdudiyyət (Türkiyəyə girişə qadağa və ya ölkədən deportasiya olunmalı şəxs) kodu olduğu da bildirilir.

Hazırda onun ətrafında araşdırmalar davam etdirilir.