Bakı Ağır Cinayətlər Məhkəməsində “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə bir qrup vətəndaşa qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Daşqın Məmmədova hökm oxunub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Daşqın Məmmədovun 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Daşqın Məmmədovun 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib. Zərərçəkənlərə dəymiş ümumi ziyanın məbləği 378 min manatdır.
Təqsirləndirilən Daşqın Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 ci maddəsi üzrə cinayət işi açılıb.
