Tanınmış iqtisadçı Günay Hüseynovanın evindən ilan çıxıb.

Heftelik.az xəbər verir ki, bu barədə iqtisadçı özü Lent.az-a məlumat verib.

O bildirib ki, Sumqayıt şəhərində yerləşən binadakı evinə ilan daxil olub.

“Mən, hazırda Azərbaycanda deyiləm. Mənzilim Sumqayıtda beşinci mərtəbədə yerləşir. Evin boş qalmaması üçün yaxın qohumuma orada qalmasını bildirmişəm. Uşaq gecə mənə zəng edib ki, şkafın arxasında ilan quyruğu görüb, qorxusundan qapını bağlayıb, ev geyimində həyətə çıxıb. Mənzilə qayıdanda ilanı təkrar görüb. Gecə bütün qurumlara zəng edib ki, evə girə bilmir, gəlib ilanı evdən çıxarsınlar, amma heç birindən cavab gəlməyib. Axşamdan bəri mən də müvafiq qurumlarla danışsam da, heç biri tədbir görməyib. Uşaq məcburiyyətdən parkda gecələyib. “JEK”ə müraciət edəndə bildirirlər ki, maksimum bloku dezinfeksiya edə bilərlər. Axı ilan evdədir. Bloku bu saatdan sonra dezinfeksiya edilməsi ilanı evdən çıxarmayacaq. Digər blokdakı qonşunun evindən aylar öncə ilan çıxmışdı. Bundan iki gün əvvəl də ikinci mərtəbədə yaşayan qonşu evində ilan tapıb. Ümumiyyətlə, binanın bloku və ətrafı antisanitar vəziyyətdədir. Binanın qarşısı qamışlıqdır. Qamışlığın bir tərəfi hasarlanıb, qalan yerləri isə bataqlıq kimi qalır. Heç kim həmin ərazini təmizləmir, buna görə də ilan və digər həşəratlar evlərə gəlir”.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Onlar da qeyd etdilər ki, Bioloji Biomüxtəlifliyin Qorunması Xidməti də bu məsələyə müdaxilə edə bilmir.

Daha sonra sonra Sumqayıt rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazi Şirvan yaşayış massivindədir, məsələ ilə bağlı Mənzil İstismar Sahəsinə məlumat verilib.

Qeyd edək ki, həmin mənzilin yerləşdiyi ərazi güclü yağışlar zamanı suyun altında qalmışdı.