Ödəniş sistemlərinin iştirakçıları arasında aparılan müəyyən ödəniş əməliyyatları ödəniş xidməti hesab edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin Mərkəzi Bankdakı ödəniş hesabına nağd mədaxili və məxarici ilə bağlı əməliyyatlar da istisnadır.
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən həyata keçirilən müəyyən ödənişlər də ödəniş xidməti sayılmır.
Bura qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlər, o cümlədən dividendlər və faizlərlə bağlı ödənişlər daxildir.
Qanunda kraudfandinq platformalarının operatorlarının həyata keçirdiyi müvafiq əməliyyatların da bu istisnaya daxil edilməsi nəzərdə tutulub.