Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib.

Heftelik.az xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb.

“Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatına görə, yeni doğulmuş körpələrdən biri dünən gecə saatlarında (sentyabrın 30-da – red.) vəfat edib, digərinin vəziyyəti isə ağırdır”, – Bayramova yazıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə məsuliyyət nəzərdə tutan 140-cı maddəsinin 1-ci hissəsi üzrə aparılır. Bu maddə 7 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

APA-nın Samirə Bayramovaya istinadən verdiyi məlumata görə, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.