Diplomatik nümayəndəliklərdə çalışan əməkdaşlara qanunvericiliyə uyğun dövlət məvacibi və aylıq əlavə ödənilir. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Aylıq əlavənin müəyyən edilməsində diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin və müvafiq şəhərin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınır. Fövqəladə və səlahiyyətli səfirlərin və beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrin dövlət məvacibi xüsusi qaydada müəyyən edilir. Bu məvacib Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, əlavələrdən və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir. Digər diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi Nazirlər Kabineti tərəfindən diplomatik nümayəndəliyin rəhbərinin dövlət məvacibinə faiz nisbətində müəyyən edilir. Aylıq əlavə dövlət məvacibindən məcburi sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları və gəlir vergisi çıxıldıqdan sonra qalan məbləğ əsasında hesablanır. Həmin qalan vəsaitə tətbiq edilən fərqləndirici əmsal ilə ilkin məbləğ arasındakı fərq aylıq əlavə kimi götürülür.
