Diplomatik nümayəndəliyə işə təyin olunan əməkdaşların xaricə gedişi və fəaliyyətlərini başa çatdırdıqdan sonra Azərbaycana qayıdışı ilə bağlı nəqliyyat xərcləri ödənilir. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Bu təminat əməkdaşla birlikdə yaşayan ailə üzvlərinə də şamil edilir. Xərclər diplomatik nümayəndəliyin xərclər smetasında bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. Ödənişlərin həyata keçirilməsi üçün müvafiq təsdiqedici sənədlər təqdim edilməlidir. Xarici dövlətdə yaşadıqları ünvandan limana və ya vağzala qədər olan nəqliyyat xərcləri də təminata daxildir. Əməkdaşın illik məzuniyyəti dövründə Azərbaycana gəlib geri qayıtması ilə bağlı nəqliyyat xərcləri də eyni qaydada ödənilir. Ailə üzvlərindən birinin ölümü ilə əlaqədar Azərbaycana gəliş və işlədiyi dövlətə qayıdış xərcləri də bu təminata daxildir.
