Diplomatik nümayəndəliklərə ezam olunan və fəaliyyətini başa çatdıraraq Azərbaycana qayıdan əməkdaşlara yük daşınması üzrə də ödəniş nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Həmin təminat əməkdaşlarla birlikdə yaşayan ailə üzvlərinin hər birinə şamil edilir. Müvafiq sənədlər əsasında hər bir şəxs üçün 80 kiloqramadək yükün aparılması xərcləri ödənilir. Bununla belə, ümumi yükün çəkisi 240 kiloqramdan artıq olmamalıdır. Ödənişlər diplomatik nümayəndəliyin xərclər smetasında bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Yükün daşınması üzrə xərclərin ödənilməsi üçün təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunur. Beləliklə, diplomatik əməkdaşların və ailə üzvlərinin xaricə gedişi və Azərbaycana qayıdışı zamanı yük daşınması xərclərinin müəyyən hissəsi dövlət vəsaiti hesabına qarşılanır.
