“Rəşad yaşamaq eşqində idi. Biz ona 50 il ömür arzulamışdıq…”
Heftelik.az  xəbər verir ki, bu sözləri ürək transplantasiyasından bir il sonra vəfat edən Rəşad Məmmədəliyevin anası Baku TV-yə müsahibəsində deyib.
O, oğlunun vəfatından əvvəlki günlərdən danışaraq bildirib ki, Rəşad evlənməyə hazırlaşırmış:
“İstədiyi qız da gəlmişdi. Elçi gedib o qızı alacaqdı. Hər şey yarımçıq qaldı… Tərbiyəli, ağıllı uşaq idi. Analizlərini vermək üçün özü gedib-gəlirdi.
Yolda, deyəsən, təzyiqi qalxıb, yıxılıb və başı betona dəyib. Rəşadın ürəyində heç bir problem yox idi”.
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülmüşdü.
Bir neçə gün əvvəl müayinə üçün Bakıya gedən gəncin yolda vəziyyəti qəfil pisləşib. Nəticədə, 20 yaşlı Rəşad Məmmədəliyev vəfat edib.