Bank of Baku-nun 2026-cı ilin ilk doqquz ayına dair maliyyə hesabatı aktivlərin, kredit portfelinin və depozitlərin artdığını, xalis mənfəətin isə ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəldiyini göstərir. Bununla belə, istehlak kreditlərinin portfeldə yüksək payı, təminatsız kreditlərin həcmi, faiz xərclərinin sürətlə artması və kapital buferinin məhdudluğu diqqət tələb edən məqamlardır.
Bankın rəsmi saytında dərc edilmiş 30 sentyabr 2026-cı il tarixinə maliyyə vəziyyəti, mənfəət və zərər, kapitalın adekvatlığı, kredit, likvidlik, faiz və valyuta riskləri üzrə hesabatların təhlili göstərir ki, müsbət maliyyə nəticələri ilə yanaşı, risklərin idarə olunması da bankın gələcək dayanıqlığı baxımından əhəmiyyətini qoruyur.
Bank of Baku-nun cəmi aktivləri 2026-cı il sentyabrın 30-na 1 milyard 566,3 milyon manat təşkil edib. 2025-ci ilin sonundakı 1 milyard 152,5 milyon manatla müqayisədə artım təxminən 35,9 faizdir. Bankın əsas aktiv istiqamətlərindən olan müştərilərə verilmiş xalis kreditlər 861,4 milyon manatdan 1 milyard 116,2 milyon manata yüksəlib. Bu, təxminən 29,6 faizlik artım deməkdir.
Kreditləşmənin genişlənməsi bankın faiz gəlirlərinin artmasına şərait yaradır. Lakin aktivlərin böyüməsi özlüyündə maliyyə dayanıqlığının güclənməsi kimi qiymətləndirilməməlidir. Əsas məsələ yeni kreditlərin hansı keyfiyyətdə olması, borcalanların ödəmə qabiliyyəti, kreditlərin hansı mənbələr hesabına maliyyələşdirilməsi və artımın nə dərəcədə dayanıqlı gəlir yaratmasıdır.
Kredit portfelinin keyfiyyəti zəifləyərsə, ilkin mərhələdə gəlirlilikdə görünən müsbət dinamika sonradan problemli borcların artması, ehtiyatların yaradılması və mənfəətin azalması ilə müşayiət oluna bilər. Buna görə bankın aktivlərinin artım tempi kredit risklərinin monitorinqi ilə birlikdə qiymətləndirilməlidir.
İstehlak kreditlərinin yüksək payı əsas risklərdəndir
Bankın ümumi kredit portfelinin strukturunda istehlak kreditləri üstünlük təşkil edir. Sentyabrın sonuna istehlak kreditlərinin həcmi 911 milyon manat, biznes kreditlərinin həcmi 188,7 milyon manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 72,2 milyon manat olub. Beləliklə, istehlak kreditləri ümumi kredit portfelinin təxminən 77,7 faizini təşkil edib.
Bu struktur bankı əhalinin gəlirlərində baş verə biləcək dəyişikliklərə, əmək bazarındakı vəziyyətə və ev təsərrüfatlarının borc yükünə daha həssas edir. İnflyasiya, məişət xərclərinin artması və ya gəlirlərin azalması borcalanların kredit ödənişlərini vaxtında həyata keçirmək imkanlarını məhdudlaşdıra bilər.
İstehlak kreditlərinin böyük hissəsinin nisbətən kiçik məbləğlərdən ibarət olması riskin çoxsaylı müştərilər arasında bölüşdürülməsinə kömək edə bilər. Bununla belə, eyni iqtisadi amillərin çoxsaylı borcalanlara paralel təsir göstərməsi portfel üzrə ümumi itkiləri artıra bilər.
Biznes kreditlərinin payının təxminən 16,1 faiz olması da diqqətəlayiqdir. Kredit portfelinin daha çox istehlak seqmentində cəmləşməsi bankın gəlir mənbələrinin şaxələndirilməsi imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, biznes kreditlərinin genişləndirilməsi də borcalanların maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsi və sahələr üzrə risklərin idarə olunmasını tələb edir.
Təminatsız kreditlərin böyük həcmi itki riskini artırır
Kredit riskləri üzrə hesabatın diqqət çəkən məqamlarından biri portfelin təminat strukturu ilə bağlıdır. Bankın 1 milyard 172 milyon manatlıq ümumi kredit portfelinin təxminən 1 milyard 43,1 milyon manatı təminatsız kreditlər kimi göstərilib. Bu, ümumi portfelin
İstehlak kreditlərində təminatsız kreditlərin həcmi 853,9 milyon manat təşkil edib. Bu göstərici həmin seqmentin təxminən 93,7 faizinə bərabərdir. Biznes kreditlərində də təminatsız borcların həcmi 153,8 milyon manat olmaqla ümumi biznes portfelinin böyük hissəsini əhatə edir.
Təminatın olmaması kreditin avtomatik olaraq riskli və ya problemli olması demək deyil. Borcalanın gəliri, kredit tarixçəsi, ödəniş intizamı və borc yükü düzgün qiymətləndirildikdə təminatsız kreditlər də gəlirli ola bilər. Bununla belə, borcalan ödənişləri dayandırdıqda bankın zərərin əvəzini girov hesabına ödəmək imkanları məhdudlaşır. Bu isə kreditlərin geri qaytarılmasında çətinlik yarandığı halda mümkün itkilərin daha yüksək olmasına səbəb ola bilər.
Hesabatda kreditlərin ödəmə gecikmələri üzrə bölgüsü də diqqət çəkir. Müxtəlif gecikmə intervallarında göstərilən məbləğlərin cəmi təxminən 98 milyon manatdır. Bu rəqəm ümumi kredit portfelinin 8,4 faizinə yaxın olsa da, onu birbaşa problemli kreditlərin rəsmi göstəricisi kimi qəbul etmək düzgün olmazdı: gecikmə intervalları üzrə məlumatlar kreditlərin təsnifatı və mümkün zərər ehtiyatları ilə birlikdə qiymətləndirilməlidir. Bir ildən artıq gecikmə intervalında göstərilən kreditlərin məbləği isə təxminən 10,6 milyon manatdır.
Bu baxımdan bank üçün əsas vəzifələrdən biri gecikmələrin ilkin mərhələdə müəyyən edilməsi, borcalanların ödəmə qabiliyyətinin mütəmadi qiymətləndirilməsi və kreditlərin keyfiyyətində pisləşmə əlamətləri yarandıqda qabaqlayıcı tədbirlərin görülməsidir.
Ffaiz xərcləri yüksəlir
Bankın öhdəlikləri 2025-ci ilin sonundakı 976,7 milyon manatdan 2026-cı il sentyabrın 30-na 1 milyard 372,7 milyon manata yüksəlib. Əsas maliyyələşmə mənbəyi olan müştəri depozitləri 740,3 milyon manatdan 1 milyard 59,1 milyon manata çatıb. Depozit portfelində artım təxminən 43,1 faiz təşkil edib. Eyni dövrdə kredit portfelinin artımı 29,6 faiz olub.
Depozitlərin kreditlərdən daha sürətli artması bankın resurs bazasının genişləndiyini göstərir. Bu, maliyyələşmə imkanlarının artması baxımından müsbət amildir. Bununla belə, depozitlərin artması ilə bağlı riskləri də nəzərə almaq lazımdır. Əmanətçilərin faiz gözləntiləri yüksəldikdə və ya bazarda daha sərfəli şərtlər təklif edildikdə bank resursları saxlamaq üçün daha yüksək faiz ödəməli ola bilər.
Mənfəət və zərər hesabatı bu istiqamətdə diqqətəlayiq tendensiyanı ortaya qoyur. Bankın 2026-cı ilin ilk doqquz ayı üzrə faiz gəlirləri 164,1 milyon manat, faiz xərcləri isə 73,4 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 129,2 milyon və 51 milyon manat təşkil edib. Beləliklə, faiz gəlirləri təxminən 27 faiz, faiz xərcləri isə 43,8 faiz artıb.
Faiz xərclərinin gəlirlərdən daha sürətli artması maliyyələşmənin bahalaşması ehtimalını gündəmə gətirir. Bu dinamika davam edərsə, bank kreditlər üzrə gəlirlərini artırsa belə, resursların dəyərinin yüksəlməsi gəlirliliyin genişlənməsini məhdudlaşdıra bilər.
Bununla yanaşı, xalis faiz gəliri 78,1 milyon manatdan 90,8 milyon manata yüksəlib. Artım təxminən 16,2 faizdir. Deməli, bankın əsas faiz fəaliyyətindən əldə etdiyi gəlir artmaqda davam edir, lakin faiz xərclərinin daha sürətli böyüməsi bu istiqamətdə nəzarətin vacibliyini artırır.
Mənfəət artım tempi risklərdən asılıdır
Bank of Baku 2026-cı ilin ilk doqquz ayında 27 milyon manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə xalis mənfəət 24 milyon manat olub. Beləliklə, xalis mənfəət təxminən 12,6 faiz artıb. Mənfəət vergisindən əvvəlki mənfəət isə 32,2 milyon manatdan 34,9 milyon manata yüksəlib.
Bu göstəricilər bankın gəlir yaratmaq qabiliyyətinin qorunduğunu göstərir. Bununla belə, mənfəətin artımını aktivlərin 35,9 faizlik genişlənməsi ilə müqayisə etdikdə daha ehtiyatlı mənzərə yaranır. Aktivlər mənfəətdən daha sürətlə artıb. Bu fərq aktivlərin gəlirliliyinin azalması ehtimalını araşdırmağı zəruri edir.
Qeyd etmək lazımdır ki, hesabat dövrünün mənfəətini ilin sonuna qədər eyni templə davam edəcək nəticə kimi qəbul etmək olmaz. Kreditlərin keyfiyyətindəki dəyişikliklər, ehtiyat xərcləri, depozit faizləri və əməliyyat xərcləri ilin son maliyyə nəticələrinə təsir göstərə bilər.
Eyni zamanda, qeyri-faiz gəlirləri 15,1 milyon manatdan 18,3 milyon manata yüksəlib. Qeyri-faiz xərcləri isə 62,6 milyon manatdan 72,6 milyon manata çatıb. Bu, xərclərin təxminən 16 faiz artması deməkdir. Əməkhaqqı və digər kompensasiya xərcləri də 26,2 milyon manatdan 33,9 milyon manata yüksəlib.
Əməliyyat xərclərinin artması bankın gəlirlərini genişləndirməklə yanaşı, səmərəliliyi də qorumasının vacibliyini göstərir. Rəqəmsal xidmətlərə, texnologiyaya və işçi heyətinə yatırımlar gələcəkdə əlavə gəlir yarada bilər. Lakin bu xərclərin nəticəsi gəlirlərin artımında və əməliyyat səmərəliliyində özünü göstərməlidir.
Daha bir vacib məqam mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarla bağlıdır. Hesabatda cari dövr üzrə bu maddə 1,5 milyon manat xərc kimi əks olunub. Ötən ilin müvafiq dövründə isə 1,5 milyon manatlıq mənfi xərc göstəricisi, yəni ehtiyatların azalması və ya geri qaytarılması ilə əlaqəli müsbət təsir qeydə alınıb. Bu fərq mənfəətin müqayisəsinə təsir edir və kredit portfelinin keyfiyyətinin gələcəkdə necə dəyişəcəyinin ayrıca izlənməsini tələb edir.
Kapital adekvatlığı: normativlərə uyğunluq kifayət qədər geniş bufer demək deyil
Bankın kapitalı 2025-ci ilin sonundakı 175,8 milyon manatdan 2026-cı il sentyabrın 30-na 193,6 milyon manata yüksəlib. Artım təxminən 10,1 faizdir. Aktivlərin 35,9 faiz artdığı şəraitdə kapitalın daha aşağı templə genişlənməsi gələcək kredit artımının kapitala təsirini diqqətdə saxlamağı tələb edir.
Kapitalın adekvatlığı hesabatında I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,25 faiz, məcmu kapitalın adekvatlıq əmsalı 12,73 faiz, leverec əmsalı isə 9,43 faiz göstərilib. Hesabatda sistem əhəmiyyətli olmayan banklar üçün müvafiq minimum hədlər 5 faiz, 10 faiz və 4 faiz kimi təqdim edilir. Beləliklə, Bank of Baku hər üç göstərici üzrə qeyd olunan minimumları üstələyir.
Bununla belə, məcmu kapitalın adekvatlıq əmsalının minimum həddən 2,73 faiz bəndi yüksək olması kapital buferinin limitsiz olmadığını göstərir. Kredit portfelinin sürətlə böyüməsi, risk dərəcəsi yüksək aktivlərin artması və problemli kreditlər üzrə əlavə ehtiyatların yaradılması kapital göstəricilərinə təzyiq göstərə bilər.
Ona görə də bankın gələcək inkişaf strategiyasında mənfəətin kapitala yönəldilən hissəsi, kredit artımının sürəti və risk dərəcəsi üzrə ölçülmüş aktivlərin dinamikası uzlaşdırılmalıdır. Kapitalın nominal həcminin artması müsbət olsa da, əsas məsələ onun risklərlə müqayisədə kifayət qədər qalmasıdır.
Qısamüddətli öhdəliklərə diqqət artırılmalıdır
Likvidlik riskləri üzrə hesabatda bankın aktiv və öhdəliklərinin ödəmə müddətləri arasında fərqlər görünür. Hesabatda ani likvidlik kateqoriyasına daxil edilən aktivlər 67,3 milyon manat, eyni zaman kəsiyində öhdəliklər isə 184,2 milyon manat göstərilib. Bu kateqoriya üzrə təxminən 116,8 milyon manatlıq mənfi fərq yaranır.
Bu fərq bankın ödəmə qabiliyyətini itirdiyini göstərmir. Likvidlik təhlilində bütün aktivlərin realizə imkanları, depozitlərin davranışı, digər maliyyələşmə mənbələri və aktivlərin faktiki nağd pula çevrilmə sürəti nəzərə alınmalıdır. Bununla belə, tələbli depozitlərin mühüm hissəsinin qısa müddətdə geri çəkilməsi ehtimalına qarşı kifayət qədər yüksək likvid aktiv ehtiyatının saxlanılması vacibdir.
Müsbət məqam ondan ibarətdir ki, bankın nağd pul vəsaitləri və ekvivalentləri 103,3 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitləri isə 171 milyon manat təşkil edib. Lakin ikinci göstəricinin nə qədərinin dərhal istifadə edilə bilən vəsait olması, eləcə də aktivlərin hansı şərtlərlə realizə edilə bilməsi ayrıca qiymətləndirilməlidir.
Likvidlik riskinin idarə olunmasında depozitlərin bir neçə iri müştəridə cəmləşməsi, müddətli əmanətlərin yenilənmə səviyyəsi və maliyyə bazarlarından borclanma imkanları da əhəmiyyətlidir. Bankın maliyyələşmə mənbələrini şaxələndirməsi mümkün likvidlik təzyiqlərinin yumşaldılmasına kömək edə bilər.
Valyuta və faizlər
Valyuta riskləri üzrə hesabatda bankın məcmu açıq valyuta mövqeyi 2 faiz göstərilib. Aktivlərin böyük hissəsi manatla ifadə olunur. Xarici valyutada olan aktivlər və öhdəliklər arasında fərqin məhdud olması birbaşa məzənnə riskini azaltmağa kömək edə bilər. Bununla belə, valyuta üzrə açıq mövqenin aşağı olması bütün dolayı valyuta risklərinin aradan qalxması demək deyil.
Məsələn, xarici valyutada gəlir əldə edən və ya idxaldan asılı olan biznes müştərilərinin maliyyə vəziyyətinin pisləşməsi onların manatla ifadə olunan kreditlərini ödəmək imkanlarına da təsir göstərə bilər.
Faiz riskləri üzrə hesabatda faiz dərəcələrinə həssas aktivlərin ümumi məbləği 1 milyard 468,7 milyon manat, həssas öhdəliklər isə 1 milyard 252,3 milyon manat göstərilib. Hesabatda müddətlər üzrə faiz həssaslığının fərqli istiqamətlərdə dəyişməsi görünür. Bu, faiz dərəcələrinin dəyişməsi zamanı aktivlərdən əldə edilən gəlirlərlə öhdəliklər üzrə ödənilən faizlər arasında fərqin dəyişə biləcəyini göstərir.
Xüsusilə depozit faizlərinin yüksəlməsi, kreditlərin faizlərinin isə daha gec yenilənməsi xalis faiz gəlirinə mənfi təsir göstərə bilər. Bu səbəbdən bankın faiz dərəcələrində mümkün dəyişikliklərə dair ssenari təhlilləri aparması və aktivlərlə öhdəliklərin müddət uyğunluğunu qoruması vacibdir.
Beləliklə, Bank of Baku-nun 2026-cı ilin ilk doqquz ayına dair maliyyə nəticələri aktivlərin, kreditlərin və depozitlərin artdığını, xalis mənfəətin isə yüksəldiyini göstərir. Bank kapital adekvatlığı və leverec üzrə hesabatda göstərilən minimum normativləri də üstələyir. Bunlar maliyyə vəziyyətinin müsbət tərəfləridir.
Bununla belə, risk mənzərəsində üç istiqamət xüsusilə diqqət tələb edir: istehlak kreditlərinin yüksək payı və təminatsız borcların böyük həcmi, faiz xərclərinin faiz gəlirlərindən daha sürətli artması, eləcə də aktivlərin artım tempi ilə kapitalın genişlənmə tempi arasındakı fərq.
Əlavə diqqət tələb edən digər istiqamətlər gecikmiş kreditlərin keyfiyyət təhlili, qısamüddətli likvidlik ehtiyatlarının dayanıqlığı və əməliyyat xərclərinin idarə olunmasıdır.
Bank of Baku-nun maliyyə göstəricilərində artım müşahidə olunur, lakin bu artımın uzunmüddətli dayanıqlığı kredit risklərinin nəzarətdə saxlanmasından, resursların dəyərinin idarə edilməsindən və kapital buferinin qorunmasından asılı olacaq. Növbəti hesabat dövründə əsas diqqət yalnız aktivlərin və mənfəətin artımına deyil, həm də kredit portfelinin keyfiyyətinə, xalis faiz marjasına və kapitalın risklərlə müqayisədə kifayətliliyinə yönəldilməlidir.
“PAŞA Sığorta”nın xərcləri yüksək templə artır, mənfəəti azalır – TƏHLİL
