Nəqliyyat vasitələri, vərəsəlik üzrə alınan hallar istisna olmaqla, əsasən 18 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Asma mühərrikli velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, moped və motosikletlər isə 16 yaşına çatmış şəxslərin adına qeydiyyata alına bilər. Yetkinlik yaşına çatmayan vərəsənin adına nəqliyyat vasitəsi qeydiyyata alınarkən qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və ya himayəçinin məlumatları göstərilir. Belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılmasına yol verilmir. Bununla bağlı qərarlar müəyyən edilmiş qaydada müvafiq informasiya sisteminə daxil edilir.