
Müvafiq sənədlər təqdim edildikdə və qanunda nəzərdə tutulan şərtlər yerinə yetirildikdə nəqliyyat vasitəsinin qeydiyyatı 30 dəqiqə ərzində aparılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu müddət nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrinin, habelə rənginin tutuşdurulması üçün müayinəyə təqdim edildiyi vaxtdan hesablanır. Sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda qeydiyyat bir gün ərzində həyata keçirilə bilər. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə yanaşı qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı da verilir. Təqdim olunan sənədlərdə çatışmazlıq aşkar edildikdə ərizəçiyə məlumat verilir və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qeydiyyat aparılır.
