“PAŞA Sığorta” ASC 2026-cı ilin ilk doqquz ayını 21,9 milyon manat xalis mənfəətlə başa vurub. Şirkətin gəlirləri artsa da, xərclərin daha sürətlə yüksəlməsi mənfəət göstəricilərinə mənfi təsir göstərib. Eyni zamanda, aktivlərin və öhdəliklərin artım dinamikası, investisiya portfelində baş verən dəyişikliklər, debitor borclarının həcmi və kapitalın öhdəliklərə nisbəti diqqət çəkən məqamlardandır.

2026-cı il sentyabrın 30-na olan maliyyə göstəriciləri şirkətin fəaliyyət miqyasının genişləndiyini göstərsə də, bu böyümənin maliyyə dayanıqlılığına təsiri ayrıca qiymətləndirilməlidir. Xüsusilə öhdəliklərin kapitaldan daha sürətlə artması və xalis mənfəətin azalması şirkətin növbəti dövrlərdə qarşılaşa biləcəyi risklər baxımından əhəmiyyətlidir.

Xərcləri daha sürətlə artır

“PAŞA Sığorta”nın 2026-cı ilin yanvar-sentyabr aylarında ümumi gəlirləri 294,7 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,4 milyon manat və ya 16,8 faiz artım deməkdir. Bununla belə, şirkətin ümumi xərcləri daha yüksək templə – 20,1 faiz artaraq 267,4 milyon manata çatıb.

Beləliklə, gəlirlərlə xərclərin artım tempi arasında 3,3 faiz bəndi fərq yaranıb. Məbləğ ifadəsində isə xərclərin illik artımı 44,8 milyon manat olduğu halda, gəlirlərin artımı 42,4 milyon manat təşkil edib. Başqa sözlə, xərclərin əlavə artımı gəlirlərin əlavə artımını təxminən 2,4 milyon manat üstələyib.

Bu dinamika şirkətin gəlir artımının mənfəətliliyə eyni səviyyədə çevrilmədiyini göstərir. Sığorta bazarında yığımların artması özlüyündə müsbət göstərici olsa da, sığorta ödənişləri, ehtiyatların formalaşdırılması, satış və inzibati xərclər də paralel şəkildə yüksəldikdə mənfəət marjası darala bilər.

“Atəşgah” Sığortanın problemləri – Xərcləri, öhdəlikləri daha yüksək templə artır – TƏHLİL

Xalis mənfəətin 10,6 faiz azalması əsas risklərdəndir

Şirkətin maliyyə nəticələrində diqqət çəkən əsas məqamlardan biri xalis mənfəətin azalmasıdır. Belə ki, “PAŞA Sığorta” 2025-ci ilin yanvar-sentyabr aylarında 24,5 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 21,9 milyon manata düşüb. Azalma 2,6 milyon manat və ya 10,6 faiz təşkil edib.

Vergidən əvvəlki mənfəət də 29,7 milyon manatdan 27,4 milyon manata enib. Bu isə illik müqayisədə 7,9 faiz azalma deməkdir. Başqa sözlə, şirkətin gəlirləri 16,8 faiz artdığı halda, yekun mənfəətin azalması gəlirlərin artımının xərclərin yüksəlişini kompensasiya etmədiyini göstərir.

Burada əsas diqqət çəkən məqam əsas əməliyyat xərclərinin artımıdır. Bu maddə üzrə xərclər 165,6 milyon manatdan 206,9 milyon manata yüksəlib. Artım 41,4 milyon manat və ya 25 faiz təşkil edib. Eyni zamanda, işlərin aparılması xərcləri 4,7 faiz artaraq 59,7 milyon manata çatıb.

Əsas əməliyyat xərclərinin 25 faiz artması sığorta fəaliyyətinin maya dəyərinin yüksəldiyini göstərən mühüm siqnaldır. Bu artımın hansı hissəsinin sığorta ödənişləri, hansı hissəsinin digər əməliyyat xərcləri ilə bağlı olduğunu ayrıca qiymətləndirmək vacibdir. Çünki xərclərin artması davam edərsə, sığorta haqlarının və gəlirlərin yüksəlməsi belə mənfəətliliyin qorunması üçün kifayət etməyə bilər.

Digər diqqətçəkən məqam digər xərclərin də kəskin yüksəlməsidir. Bu göstərici 2025-ci ilin ilk doqquz ayında 25 min manat olduğu halda, 2026-cı ilin eyni dövründə 726,8 min manata çatıb. Məbləğ ümumi xərclərlə müqayisədə böyük olmasa da, artım dinamikası əlavə araşdırma tələb edir.

Kapitalı azalan, öhdəlikləri artan bank – Vaxtı keçmiş kreditlər, likvidlik və faiz riskləri də var

Sığorta haqları və ödənişlər arasındakı fərq daralır

Şirkətin fəaliyyətinin qiymətləndirilməsi zamanı sığorta haqlarının və ödənişlərin dinamikası xüsusi əhəmiyyət daşıyır. 2026-cı ilin ilk doqquz ayında “PAŞA Sığorta”nın qeyri-həyat sığortası üzrə hesablanmış haqları 308,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 272,9 milyon manat olub. Beləliklə, sığorta haqları 36 milyon manat və ya təxminən 13,2 faiz artıb.

Lakin sığorta ödənişlərindəki artım daha sürətlidir. Belə ki, ödənişlər 103 milyon manatdan 130,9 milyon manata yüksəlib. Bu, 27,9 milyon manat və ya 27 faiz artım deməkdir.

Beləliklə, sığorta ödənişlərinin artım tempi haqların artım tempini təxminən iki dəfə üstələyib. Bu tendensiya xüsusilə diqqətəlayiqdir. Çünki sığorta şirkətinin gələcək maliyyə nəticələri yalnız yeni müqavilələrin sayından və yığılan haqlardan deyil, həm də həmin müqavilələr üzrə yaranan öhdəliklərin həcmindən asılıdır.

Sığorta haqları ilə ödənişlər arasındakı fərq 2025-ci ilin ilk doqquz ayında təxminən 169,9 milyon manat olduğu halda, 2026-cı ildə 178 milyon manat təşkil edib. Məbləğ artmış olsa da, ödənişlərin haqlara nisbəti təxminən 37,7 faizdən 42,4 faizə yüksəlib. Bu, sığorta yığımlarının daha böyük hissəsinin ödənişlərə yönəldiyini göstərir.

Sığorta növləri üzrə göstəricilər də müəyyən risklərə işarə edir. Əmlak sığortası üzrə yığımlar 65,6 milyon manatdan 78 milyon manata yüksəlib. Eyni zamanda, bu istiqamətdə ödənişlər 11,5 milyon manatdan 15,3 milyon manata çatıb. Mülki məsuliyyət sığortasında isə daha ciddi dinamika müşahidə olunur: yığımlar 60,1 milyon manatdan 75,8 milyon manata, ödənişlər isə 41,8 milyon manatdan 62,9 milyon manata yüksəlib.

Xüsusilə mülki məsuliyyət sığortası üzrə ödənişlərin 50 faizdən çox artması diqqət çəkir. Bu istiqamətdə ödənişlərin yığımlara nisbəti təxminən 83 faizə çatıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu nisbət təxminən 70 faiz idi. Bu, həmin sığorta növü üzrə risklərin qiymətləndirilməsi, tarif siyasəti və ehtiyatların adekvatlığı məsələlərini aktuallaşdırır.

Tibbi sığorta üzrə yığımların 76 milyon manatdan 74,9 milyon manata enməsi də ayrıca diqqət çəkir. Beləliklə, şirkətin əsas sığorta istiqamətlərindən birində yığımların azalması müşahidə olunur.

Öhdəliklər aktivlərdən daha sürətlə artır

“PAŞA Sığorta”nın balansında diqqət çəkən digər məqam öhdəliklərin artım tempidir. 2026-cı il sentyabrın 30-na şirkətin ümumi aktivləri 539,9 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 155,5 milyon manat və ya 40,4 faiz çoxdur.

Eyni müddətdə ümumi öhdəliklər 287,9 milyon manatdan 433,9 milyon manata yüksəlib. Artım 146 milyon manat və ya 50,7 faiz təşkil edib. Beləliklə, öhdəliklərin artım tempi aktivlərin artımını 10,3 faiz bəndi üstələyib.

Bu fərq şirkətin maliyyə strukturunda izlənilməli olan məqamlardandır. Aktivlərin böyüməsi müsbət göstərici olsa da, bu artımın daha böyük hissəsinin öhdəliklər hesabına formalaşması kapitalın nisbi çəkisinin azalmasına səbəb olur.

Öhdəliklərin əsas hissəsini 365,6 milyon manatlıq sığorta ehtiyatları təşkil edir. Bu məbləğ ilin əvvəlindəki 239,3 milyon manatla müqayisədə 126,3 milyon manat və ya 52,8 faiz çoxdur. Sığorta ehtiyatlarının artması şirkətin gələcək sığorta ödənişləri üzrə öhdəliklərinin genişləndiyini göstərir.

Ehtiyatların artım tempi sığorta haqlarının artımını əhəmiyyətli dərəcədə üstələdiyindən, onların hesablanma metodologiyası və gələcək ödənişləri qarşılamaq qabiliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Şirkətin kreditor borcları 50,4 milyon manat, digər öhdəlikləri isə 17,9 milyon manat təşkil edib. Xüsusilə kreditor borclarının həcmi də izlənilməlidir. Bu məbləğin hansı hissəsinin təkrarlanan əməliyyat öhdəlikləri, hansı hissəsinin sığorta fəaliyyəti ilə bağlı hesablaşmalar olduğu barədə daha detallı məlumat olmadan likvidlik vəziyyətinə yekun qiymət vermək mümkün deyil.

İnvestisiya portfelində istiqrazların payı azalır, depozitlərin çəkisi artır

Şirkətin investisiya fəaliyyəti də risklərin qiymətləndirilməsi baxımından mühüm istiqamətdir. 2026-cı il sentyabrın 30-na “PAŞA Sığorta”nın investisiya aktivlərinin həcmi 294,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 265,2 milyon manat olub. Beləliklə, investisiya portfeli illik müqayisədə 28,9 milyon manat və ya 10,9 faiz artıb.

Lakin investisiya portfelinin strukturunda ciddi dəyişiklik baş verib. Bank depozitlərinin həcmi 89 milyon manatdan 160,5 milyon manata yüksəlib. Bu, 71,5 milyon manat və ya 80,3 faiz artım deməkdir. Nəticədə depozitlərin ümumi investisiya portfelindəki payı 33,6 faizdən 54,6 faizə çatıb.

Əksinə, istiqrazlara yatırılan vəsait 151,5 milyon manatdan 108,1 milyon manata enib. Azalma 43,4 milyon manat və ya 28,7 faiz təşkil edib. O cümlədən dövlət istiqrazlarına yatırımlar 123,4 milyon manatdan 102,1 milyon manata, qeyri-dövlət istiqrazlarına yatırımlar isə 28,1 milyon manatdan 6 milyon manata düşüb.

İnvestisiya portfelinin yarıdan çoxunun bank depozitlərində cəmləşməsi bank sektorundan asılılığı artırır.

Burada əsas risk depozitlərin hansı banklarda yerləşdirilməsi və həmin banklar üzrə konsentrasiyanın hansı səviyyədə olmasıdır. Əgər vəsaitlərin böyük hissəsi məhdud sayda bankda cəmləşibsə, bu, qarşı tərəf riskini yüksəldə bilər. Bankların maliyyə vəziyyətində yaranacaq problemlər və ya depozitlərin vaxtında geri qaytarılması ilə bağlı çətinliklər sığorta şirkətinin likvidliyinə təsir göstərə bilər.

İstiqraz portfelinin azalması da ayrıca qiymətləndirilməlidir. Xüsusilə qeyri-dövlət istiqrazlarının 28,1 milyon manatdan 6 milyon manata düşməsi şirkətin korporativ borc alətlərinə yatırımlarını əhəmiyyətli dərəcədə azaltdığını göstərir. Bu investisiya portfelinin diversifikasiyasının zəifləməsi ehtimalını yaradır.

Debitor borcları və likvidlik məsələsi diqqət tələb edir

Şirkətin aktivlərinin strukturunda digər diqqətçəkən göstərici debitor borclarıdır. 2026-cı il sentyabrın 30-na bu maddə üzrə vəsait 63,8 milyon manat təşkil edib. Bu, ümumi aktivlərin təxminən 11,8 faizidir.

Debitor borclarının mövcudluğu sığorta sektorunda müəyyən mənada normal əməliyyat prosesinin tərkib hissəsidir. Lakin bu məbləğin artımı, borcların vaxtında yığılması və gecikmiş ödənişlərin xüsusi çəkisi maliyyə dayanıqlılığına birbaşa təsir göstərə bilər.

Əgər debitor borclarının əhəmiyyətli hissəsi uzun müddətdir yığılmırsa, bu, şirkətin real likvid aktivlərinin həcmini azalda bilər. Bu baxımdan debitor borclarının müddətlər üzrə bölgüsü, problemli borcların həcmi və mümkün dəyərsizləşmə ehtiyatları barədə məlumatlar əhəmiyyətlidir.

Digər tərəfdən, şirkətin pul vəsaitləri və onların ekvivalentləri 14,8 milyon manat təşkil edib. Bu məbləğ ümumi öhdəliklərin təxminən 3,4 faizinə bərabərdir. Lakin burada investisiya aktivlərinin 294,1 milyon manatlıq həcmini də nəzərə almaq lazımdır. Xüsusilə bank depozitlərinin böyük hissəsi müqavilə şərtlərinə uyğun olaraq operativ şəkildə geri götürülə bilirsə, şirkətin faktiki likvidlik imkanları balansdakı pul vəsaitlərinin həcmindən daha geniş ola bilər.

Bununla belə, depozitlərin müddəti və geri çəkilmə şərtləri açıqlanmadan likvidlik vəziyyəti barədə qəti nəticəyə gəlmək düzgün olmaz. Sığorta şirkəti eyni vaxtda çoxsaylı və iri həcmli ödəniş tələbləri ilə üzləşərsə, aktivlərin nağdlaşdırılması imkanları xüsusi əhəmiyyət daşıyır.

Kapital artımı öhdəliklərin genişlənməsi ilə müqayisədə zəifdir

2026-cı ilin üçüncü rübünün sonunda “PAŞA Sığorta”nın ümumi kapitalı 106 milyon manat təşkil edib. Bu, ilin əvvəlindəki 96,4 milyon manatla müqayisədə 9,6 milyon manat və ya 10 faiz artım deməkdir.

Kapitalın 50 milyon manatı nizamnamə kapitalının, 56 milyon manatı isə bölüşdürülməmiş mənfəətin payına düşür.

Lakin kapitalın artım tempi öhdəliklərin artım tempindən xeyli geri qalır. Öhdəliklər 50,7 faiz artdığı halda, kapital cəmi 10 faiz yüksəlib. Nəticədə kapitalın aktivlərdəki payı ilin əvvəlində təxminən 25 faiz olduğu halda, sentyabrın sonunda 19,6 faizə enib.

Bu göstərici şirkətin maliyyə strukturunda öhdəliklərin çəkisinin artdığını nümayiş etdirir. Başqa sözlə, aktivlərin genişlənməsi fonunda kapitalın nisbi qoruyucu funksiyası zəifləyib.

Bununla belə, kapitalın aktivlərə nisbəti sığorta şirkətinin ödəmə qabiliyyətini qiymətləndirmək üçün yeganə meyar deyil. Sığorta sektorunda məcmu kapital, tələb olunan kapital, kapital buferi və sığorta risklərinin həcmi də nəzərə alınmalıdır.

Bu baxımdan “PAŞA Sığorta”nın məcmu kapitalının 67,4 milyon manat, kapital buferinin isə 13,5 milyon manat olması da diqqətəlayiqdir. Bu göstəricilərin normativ tələblərlə müqayisəsi, tələb olunan kapitalın dinamikası və risklər üzrə bölgüsü şirkətin real maliyyə dayanıqlılığının qiymətləndirilməsi üçün vacibdir.

Beləliklə, “PAŞA Sığorta” ASC-nin 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələri şirkətin bazardakı fəaliyyət miqyasını genişləndirdiyini göstərir. Aktivlərin 40,4 faiz, sığorta haqlarının təxminən 13,2 faiz artması və investisiya portfelinin 294,1 milyon manata yüksəlməsi şirkətin əməliyyat və maliyyə imkanlarının genişləndiyini təsdiqləyir.

Bununla belə, hesabatda diqqət tələb edən bir neçə əsas risk mövcuddur:

  • Xərcləringəlirlərdəndahasürətlə artması və xalismənfəətin 10,6 faizazalması;
  • Sığorta ödənişlərinin 27 faizartaraqyığımlarınartımtempini əhəmiyyətlidərəcədə üstələməsi;
  • Mülkiməsuliyyətsığortası üzrə ödənişlərinkəskinyüksəlməsi;
  • Ümumi öhdəliklərin 50,7 faiz artması və kapitalın artım tempindən xeyli irəli keçməsi;
  • İnvestisiya portfelində bank depozitlərinin payının 54,6 faizə çatması və banklar üzrə mümkün konsentrasiya riski;
  • Debitorborclarının 63,8 milyonmanatlıqhəcmivə onlarınyığılmamüddətləriilə bağlı suallar.

Maliyyə nəticələri mənfəətliliyin zəiflədiyini, sığorta ödənişlərinin sürətləndiyini və balansda öhdəliklərin çəkisinin artdığını göstərir.

Növbəti dövrlərdə əsas diqqət sığorta növləri üzrə zərərlilik səviyyəsinə, ehtiyatların adekvatlığına, investisiya portfelinin diversifikasiyasına və kapital buferinin qorunmasına yönəlməlidir. Xüsusilə sığorta ödənişlərinin artım tempinin aşağı salınması, risklərin düzgün qiymətləndirilməsi və tarif siyasətinin təkmilləşdirilməsi mənfəətliliyin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

 

“PAŞA Sığorta”nın xərcləri yüksək templə artır, mənfəəti azalır – TƏHLİL