Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı bir sıra hüquqi və təhlükəsizlik məqsədləri üçün həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qeydiyyat zamanı nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi ilə bağlı uçot göstəricilərində dəyişikliklər aparılır. Həmçinin nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması və sahibləri tərəfindən müvafiq rüsumların ödənilməsi təmin edilir. Yol hərəkəti, yol hərəkəti təhlükəsizliyi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin ödənilməsi də qeydiyyatla bağlı məqsədlər sırasındadır. Dövlət qeydiyyatı həmçinin nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş və regionlar üzrə uçotunu, icbari sığortanın təmin edilməsini və hüquqpozmalarla mübarizəni əhatə edir.