Yollara xidmət edən yol təsərrüfatı müəssisələri hərəkətin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsinin planlaşdırılması barədə yol istifadəçilərini qabaqcadan xəbərdar etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu tələb hərbi vəziyyət, fövqəladə hallar və dini ekstremizmə qarşı xüsusi əməliyyatın aparıldığı hallar istisna olmaqla tətbiq edilir. Yol təsərrüfatı müəssisələri həmçinin hərəkətin məhdudlaşdırılacağı müddətlər barədə məlumat verməlidirlər. Hərəkətin hər bir məhdudlaşdırılması və ya qadağan edilməsi halında onun müəyyən edilmiş müddətdə təcili bərpası üçün zəruri tədbirlər görülməlidir. Qanunun tələblərini, qərarla müəyyən edilmiş göstərişləri və müddətləri pozan və ya özbaşına hərəkəti məhdudlaşdıran şəxslər məsuliyyət daşıyırlar.