Qiymətli kağızlar bazarında müəyyən vəzifələri tutan şəxslər qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Mühüm iştirak payının sahibləri və hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması tələb edilir. İnvestisiya şirkətlərinin, fond birjalarının, klirinq təşkilatlarının və mərkəzi depozitarın rəhbər orqanlarının üzvləri üçün əlavə tələblər də müəyyənləşdirilib. Bu şəxslərin mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunması faktı olmamalıdır. Həmçinin müvafiq vəzifəni tutmağa və ya peşə fəaliyyəti ilə məşğul olmağa məhkəmə qadağasının, eləcə də qanunda göstərilən şərtlərə uyğun olmayan şəxslərlə cinayətkar sövdələşmənin olmaması tələb olunur.