İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın əsas şərtləri və qiymətli kağızlarla təsbit olunan hüquqlar barədə məlumatlar yer almalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Kütləvi təklif zamanı qərarda anderrayter və buraxılışın şərtləri barədə məlumatlar da göstərilməlidir. Qiymətli kağızların yerləşdirilməsi qaydası, yerləşdirmənin başlanma və başa çatma tarixləri, eləcə də ödəniş qaydası müəyyənləşdirilməlidir. Abunə yazılışı nəzərdə tutulduqda onun başlanma və başa çatma tarixləri və ya bu tarixlərin müəyyənləşdirilməsi qaydası da qeyd olunmalıdır. Qərarı qəbul edən orqanın adı, habelə rəhbərinin adı, soyadı və möhürlə təsdiqlənmiş imzası sənəddə əks etdirilməlidir.
