İnvestisiya qiymətli kağızlarına abunə yazılışının qiyməti onların yerləşdirilməsi və ya kütləvi təklifi zamanı tətbiq olunan satış qiymətidir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qiymət, onun müəyyənləşdirilməsi qaydası və ya kütləvi təklif edilən qiymətli kağızlar üçün nəzərdə tutulan qiymət dəhlizi buraxılış haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda göstərilməlidir. Qiymət emissiya prospektində və ya informasiya memorandumunda müəyyən edilmədikdə, yerləşdirmənin başlanmasına ən azı beş iş günü qalmış açıqlanmalıdır. Qiymət dəhlizindən kənar qiymətlərlə investisiya qiymətli kağızlarının kütləvi təklifinə icazə verilmir. Abunə yazılışının və yerləşdirmənin qaydalarını Mərkəzi Bank müəyyən edir.