Hərbi qulluqçuların müəyyən kateqoriyalarına xidmət yerinə gəldikdən sonra xidməti mənzil verilməsi nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuya xidmət yerinə gəldikdən ən geci üç ay ərzində onun və birlikdə yaşayan ailə üzvlərinin yaşayış normalarına uyğun xidməti mənzil ayrılmalıdır. Mənzillər Müdafiə Nazirliyinin, digər mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından verilə bilər. Xidməti mənzil ayrılanadək hərbi qulluqçu və ailə üzvləri xidmət yeri üzrə qeydiyyata alınır. Müvəqqəti mənzil kirayələmək üçün isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

