Azərbaycan Respublikasının vətəndaşları istehlakçı hüquqlarını qorumaq məqsədilə könüllü şəkildə ictimai təşkilatlar – istehlakçılar birlikləri yarada bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, istehlakçılar birliyi ictimai təşkilat hesab olunur və fəaliyyətini müvafiq qanunvericilik əsasında həyata keçirir. Bu birliklər malların istehlak xassələrini, onlara olan tələbatı, istehsal və satış məhsullarının keyfiyyəti, qiyməti barədə ictimai rəyi öyrənə bilərlər. Onlar malların, işlərin və xidmətlərin ekspertizasının və sınağının aparılması üçün dövlət nəzarəti orqanlarına müraciət etmək hüququna malikdirlər. Həmçinin istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə dövlət qurumlarından və təsərrüfat subyektlərindən zəruri məlumatlar ala bilərlər. İstehlakçılar birlikləri keyfiyyətsiz və təhlükəli məhsulların satışının dayandırılması, istehsaldan çıxarılması, habelə əsassız artırılmış qiymətlərin ləğvi ilə bağlı müvafiq qurumlara təkliflər verə bilərlər.