Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Bu sahədə dövlət qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi üzrə siyasət formalaşdırmalı və həyata keçirməlidir. Həmçinin əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlanmalı və onların icrası təmin edilməlidir. Dövlət qida məhsulları üzrə ehtiyatlar yaratmalı, onların formalaşdırılması, saxlanılması, istifadəsi və tənzimlənməsini təşkil etməlidir. Bundan başqa, ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatının tənzimlənməsi də dövlətin vəzifələrinə daxildir.

