İstehlakçılar malların, işlərin və xidmətlərin adi şəraitdə istifadəsi, saxlanılması və daşınması zamanı təhlükəsizliyinin təmin olunmasını tələb etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Bu hüquq istehlakçının həyatı, sağlamlığı, əmlakı və ətraf mühitin qorunmasını əhatə edir. Əgər istifadə edilməsi insanlara, əmlaka və ya ətraf mühitə zərər vura bilən məhsula dair təhlükəsizlik tələblərini müəyyən edən normativ sənəd yoxdursa, müvafiq dövlət orqanları həmin sənədin təxirə salınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməlidir. Belə hallarda icraçının həmin malın istehsalı və satışını, işlərin görülməsini və xidmətlərin göstərilməsini dərhal dayandırması tələb olunur. Qanuna əsasən, müəyyən edilmiş vaxtdan artıq istifadəsi istehlakçıların həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə təhlükə yarada bilən mallar üçün xidmət və ya yararlılıq müddəti müəyyən edilməlidir. İstehsalçı və icraçı həmin müddətləri məhsulların təlimatlarında göstərməyə borcludur.