Mənşəyi məlum olmayan və yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, eləcə də satışına yol verən şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanı belə malların satışının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. İstehsalı, idxalı və satışı qadağan edilmiş mallar barədə əhaliyə vaxtında məlumat verilməsi də həmin orqanın vəzifələrindəndir. Bu məqsədlə mediada müvafiq məlumatlar dərc edilir və yayılır. Dövlət orqanı satılan xammalın, materialların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu götürülmüş nümunələr əsasında yoxlaya bilər. Aparılan ekspertizanın və sınaqların nəticələrindən asılı olaraq müvafiq tədbirlər görülür.