Qubada bir kişinin kredit borcuna görə iki qadın dalaşıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin arxasında qeydə alınıb.
Selcan Məmmədova bir neçə il Asif adlı şəxslə (adlar və soyad şərtidir) qeyri-rəsmi münasibətdə olub. Bu müddət ərzində Asif qadının adına kredit götürüb. Münasibətləri bitdikdən sonra isə kişi kredit borcunu ödəməyib.
Asifin daha sonra Gülnar adlı qadınla münasibət qurduğunu öyrənən Selcan onun işlədiyi kafeyə gedib. O, Gülnarı bayıra çağıraraq, Asifin borcunu niyə ödəmədiyini soruşub. Bu zaman qadınlar arasında mübahisə yaranıb və Gülnar Selcanı döyərək ona xəsarət yetirib. Faktla bağlı cinayət işi açılıb.
36 yaşlı Gülnar məhkəmədə ifadəsində bildirib ki, Selcan kreditin ödənilməməsində onu günahlandırıb. Mübahisə zamanı Selcan onun saçından tutub yolduğu üçün qarşı tərəfə zərbələr endirib.
O, məhkəmədə əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Selcan da məhkəməyə ərizə təqdim edərək qarşı tərəfdən şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Gülnar məsuliyyətdən azad olunub.
