Qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin yüksəlməsi Sakit və Hind okeanlarında yerləşən ada dövlətləri üçün ciddi təhlükə yaradır. Tuvalu, Kiribati, Marşal Adaları, Maldiv adaları və Vanuatu ərazilərinin bir hissəsinin su altında qalması riskinə görə müxtəlif köçürmə və uyğunlaşma planları hazırlayır.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkələr vətəndaşlarının gələcəyini təmin etmək üçün rəsmi miqrasiya razılaşmalarından başqa ölkələrdə torpaq almağa və daha təhlükəsiz ərazilər yaratmağa qədər müxtəlif addımlar atırlar.
Sakit okeanda yerləşən Tuvalu dəniz səviyyəsindən orta hesabla təxminən 2 metr yüksəklikdə yerləşir. Ölkə əhalisinin gələcəyini təmin etmək məqsədilə Avstraliya ilə “Falepili Sazişi” imzalayıb.
Sazişə əsasən, Tuvalu vətəndaşlarına Avstraliyada daimi yaşamaq və işləmək hüququ verilir. Bu mexanizm iqlim dəyişikliyinin yaşayış ərazilərinə təhlükəni artıracağı təqdirdə əhalinin tədricən Avstraliyaya köçməsinə imkan yaradır.
33 mərcan adasından ibarət Kiribatidə dəniz səviyyəsinin yüksəlməsi, şirin su ehtiyatlarının duzlaşması və sahil eroziyası əsas narahatlıq doğuran məsələlərdəndir.
Mümkün kütləvi köçürməyə hazırlaşan hökumət gələcəkdə əhalinin yerləşdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə Fici ərazisindəki Vanua Levu adasında təxminən 20 kvadrat kilometr torpaq sahəsi satın alıb.
Marşal Adaları da dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üzləşir. Xüsusilə sahilyanı yaşayış məntəqələri bu dəyişikliklərdən birbaşa təsirlənir.
ABŞ ilə Azad İttifaq Sazişi (COFA) çərçivəsində Marşal Adaları vətəndaşlarına vizasız yaşamaq hüququ verilməsi əhalinin bir hissəsinin zamanla ABŞ-də məskunlaşmasına imkan yaradır.
Maldiv adaları təhlükəsiz ərazilərin yaradılması üçün mühəndislik layihələrinə üstünlük verir. Əhalinin daha təhlükəsiz ərazilərdə yerləşdirilməsi məqsədilə dəniz səviyyəsindən daha yüksəkdə inşa edilən Hulhumale kimi süni adalar inkişaf etdirilir.
Maldiv adaları uzunmüddətli perspektivdə digər ölkələrdən torpaq almaq ehtimalını da nəzərdən keçirir və bu məqsədlə milli fond daxilində resurslar toplamağa çalışır.
Sakit okeanda yerləşən Vanuatuda isə həll yolu ölkə sərhədləri daxilində axtarılır. Dəniz səviyyəsinin yüksəlməsi və sahilyanı ərazilərdə yaşayışı çətinləşdirən tayfunların güclənməsi fonunda bəzi kəndlərin adaların daha yüksək hissələrinə köçürülməsi nəzərdə tutulur. Bu məqsədlə ölkədə daxili evakuasiya və köçürmə proqramları həyata keçirilir.
