Dünyanın ən quraq səhrası olan Atakamanın görünüşü güclü yağışlardan sonra dəyişib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “El Nino” ilə əlaqəli yağıntılar illərdir torpağın altında yatan milyonlarla toxum və soğanağı oyadaraq səhranın geniş ərazilərində qeyri-adi çiçəklənməyə səbəb olub.

Çilinin şimalında baş verən təbii hadisə zamanı normalda quraq olan torpaqlar bənövşəyi və ağ çiçəklərlə örtülüb. Atakama torpağının altında təxminən 200 müxtəlif bitki növünə aid toxum və soğanaqlar əlverişli şəraitin yaranmasını gözləyir.

“El Nino” ilə əlaqəli intensiv yağışlar bu toxumların bir qisminin cücərməsinə və çiçəklənməsinə səbəb olub. Nəticədə səhranın bəzi hissələri tamamilə fərqli mənzərəyə bürünüb və nadir təbiət hadisəsini izləmək istəyən çoxsaylı ziyarətçiləri cəlb edib.

Bu mövsüm yağıntılar xüsusilə bol olub. Bəzi ərazilərdə yağıntının miqdarı 180 millimetri keçib.

Çili Milli Meşəçilik Agentliyinin (CONAF) Atakama biomüxtəlifliyi üzrə məsul şəxsi Sezar Pizarro bu göstəricinin əvvəlki müşahidələr zamanı qeydə alınmadığını bildirib.

Yağıntılar Santyaqodan təxminən 800 kilometr şimalda yerləşən təbii qoruqda suyun qumun daha dərin qatlarına nüfuz etməsinə və bitki örtüyünün yaranmasına şərait yaradıb.

CONAF-ın hesablamalarına görə, çiçəklənmə oktyabr ayında pik həddə çatacaq. Agentlik təxminən 15 min hektar ərazinin çiçəklərlə örtüləcəyini proqnozlaşdırır.