Polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsinə zidd olaraq yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda daxil ola bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Belə daxilolma, bir qayda olaraq, hakimin qərarı əsasında həyata keçirilir. Digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülərkən də yaşayış yerinə daxilolmaya yol verilə bilər. Ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması, eləcə də onların nəticələrinin aradan qaldırılması belə hallara aiddir. Polis əməkdaşı bu səlahiyyətdən yalnız qanunla müəyyən edilmiş qaydada istifadə edə bilər.