Polis əməkdaşı bəzi hallarda hakimin qərarı olmadan da yaşayış yerinə daxil ola bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bunun üçün qanunda göstərilən əsaslardan birinin mövcudluğuna dair dəqiq məlumat olmalıdır. Həmin əsaslara şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətlə bağlı əşya və sənədlərin yaşayış yerində gizlədilməsi, eləcə də belə cinayəti hazırlayan və ya törədən şəxsin orada gizlənməsi daxildir. Azadlıqdan məhrumetmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi də bu hallardandır. Yaşayış yerində insan meyitinin olması, insanın həyatı və ya səhhəti üçün real təhlükənin yaranması, habelə cinayət törətmiş şəxsin isti izlərlə təqib edilməsi də daxilolmaya əsas verə bilər.

