İnvestisiya qiymətli kağızlarının emissiya prospekti və ya informasiya memorandumu təsdiq edildikdən sonra bir il ərzində istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Sənədlər həmin müddətdə qiymətli kağızlar tənzimlənən bazarda ticarətə buraxılmadıqda və ya onların kütləvi təklifi həyata keçirilmədikdə qüvvəsini itirir. Bununla belə, sənədlərdəki məlumatların yenilənməsi məqsədilə qanunun 10-cu maddəsinə uyğun əlavə və dəyişikliklər edildikdə onlar yenidən qüvvəyə minir. Emissiya prospektinə və ya informasiya memorandumuna yarımillik və rüblük maliyyə hesabatları əlavə olunarsa, həmin hesabatlar sənədlər qüvvədə olduğu müddətdə yenilənməlidir. Bu tələblər investorların aktual maliyyə məlumatları ilə təmin olunmasına xidmət edir.
