İnvestisiya məsləhəti qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınması, satılması və digər əməliyyatlarla bağlı müştərilərə verilən tövsiyələri əhatə edir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Məsləhətlər abunə yazılışı, dəyişdirilmə, geri alınma və saxlanılma məsələlərinə də aid ola bilər. Qiymətli kağızlarla bağlı hüquqların həyata keçirilməsi barədə tövsiyələr də bu anlayışa daxildir. Lakin mediada açıqlanan məsləhətlər qanunda nəzərdə tutulan qaydada investisiya məsləhəti sayılmır. İnvestisiya şirkətinin fəaliyyətindən fərqli peşə fəaliyyəti çərçivəsində əvəzsiz verilən və sırf hüquqi məsələlərə aid olan məsləhətlər də bu anlayışdan istisna edilir.