Hərbi qulluqçuların ailə üzvlərinin əmək və sosial təminat hüquqlarının həyata keçirilməsi üçün qanunvericilikdə bir sıra təminatlar müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının ailə üzvləri işə qəbul zamanı, eləcə də işçilərin sayı və ya ştatı ixtisar edilərkən müəyyən üstünlüklərdən yararlana bilərlər. Müvafiq qurumlar hərbi qulluqçuların arvadlarının müraciətindən sonra ən geci bir ay ərzində onların işlə təmin olunması üçün tədbirlər görməlidirlər. Hərbi hissələrin yerləşdiyi yaşayış məntəqələrində iş tapmaq mümkün olmadıqda, müvafiq müraciət əsasında kiçik müəssisələrin, filialların və istehsalat sahələrinin yaradılması nəzərdə tutulur. Bu təminatlar hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.