
Qanunla nəzərdə tutulmuş hallarda istehlakçılar malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanmasını tələb etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Nəzarət markası müvafiq məhsulların müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını təsdiqləyir. Satış üçün dövlət orqanının razılığı tələb olunduğu hallarda bu markalanma müvafiq razılığın alındığını və nüsxələri yaymaq hüququnun verildiyini də təsdiq edir. Nəzarət markası ilə markalanması tələb olunan məhsullara dərman vasitələri, audiovizual əsərlər, fonoqramlar, kompüter proqramları və məlumat topluları daxildir. Kitab nüsxələri, digər müəlliflik və əlaqəli hüquq obyektləri, eləcə də dini təyinatlı ədəbiyyat, audio və video materiallar, dini məzmunlu mal və məmulatlar da bu tələbə tabedir. Satıcı, istehsalçı və icraçı qanunla müəyyən edilmiş hallarda istehlakçıya nəzarət markası ilə markalanmış məhsullar təqdim etməlidir.
