Satıcı mal haqqında yanlış və ya kifayət qədər dolğun olmayan məlumat verdikdə və bu, istehlakçının lazımi xassələrə malik olmayan məhsul almasına səbəb olduqda, onun müqaviləni ləğv etmək hüququ var. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Belə vəziyyətdə istehlakçı müqavilənin ləğvi ilə yanaşı, ona dəymiş itkilərin ödənilməsini də tələb edə bilər. Qanun istehsalının və satışının lisenziyalaşdırılması, sertifikatlaşdırılması məcburi olan əmtəələrin reklamına da xüsusi tələblər müəyyən edir. Belə məhsullar yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatları yerləşdirmək mümkün olmadıqda, müvafiq sənədin mövcudluğu barədə məlumat verilməli və istehlakçının həmin sənədlə tanış olması üçün şərait yaradılmalıdır.