
İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində müəyyən edilmiş normalara və qaydalara riayət olunmasına nəzarət vasitəsilə həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Bu nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin orqan istehsal edilən, idxal olunan və satılan malların, xidmətlərin və işlərin standartlara, texniki şərtlərə uyğunluğunu müəyyənləşdirir. Uyğunluq sertifikatları və nişanları verir, məcburi sertifikatlaşdırılmalı məhsulların siyahısını müəyyən edir. Sertifikatı olmayan malların satışının və işlərin icrasının qarşısını alır, belə məhsulları ticarət dövriyyəsindən çıxarır. Texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyatı və sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükə yaradan məhsulların istehsalının, idxalının və satışının qarşısını almaq da həmin orqanın vəzifələrinə daxildir.
