İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində mal, iş və xidmətlərdə qüsurların hüquqi anlayışı müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, qüsur malın, işin və ya xidmətin normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə uyğun olmamasıdır. Həmçinin satıcının və ya icraçının mal, iş və xidmət barədə verdiyi məlumata uyğunsuzluq da qüsur hesab edilir. Mühüm qüsur isə maldan, işdən və ya xidmətdən təyinatına uyğun istifadəni qeyri-mümkün və ya yolverilməz edən nöqsandır. İstehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması çoxlu əmək və vaxt tələb edən qüsurlar da mühüm qüsur sayılır. Qüsurun aradan qaldırıldıqdan sonra yenidən üzə çıxması və ya malı müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salması da onun mühüm qüsur hesab edilməsinə əsasdır.