İstehlakçıların ictimai təşkilatları vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində bir sıra səlahiyyətlərə malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Belə birliklər istehlakçılara qanunvericiliyə uyğun hüquqi məsləhətlərin verilməsini təşkil edə bilərlər. Onlar malların, işlərin və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edən normativ sənədlərin hazırlanması ilə bağlı təklif və rəylər də təqdim etmək hüququna malikdirlər. İstehlakçılar birliyi müvafiq icra hakimiyyəti orqanları qarşısında istehlakçıların maraqları ilə bağlı məsələlər qaldıra və onların müdafiəsində iştirak edə bilər. Bununla yanaşı, birliklər keyfiyyətsiz malların istehsalında və satışında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti qurumlara müraciət edə bilərlər. Qanunvericilik onlara istehlakçıların hüquqları barədə ictimaiyyətin məlumatlandırılması və beynəlxalq əməkdaşlığın inkişafına dəstək göstərilməsi hüququ da verir.