“AzSığorta” ASC-nin 2026-cı ilin ilk yarısına dair maliyyə nəticələri şirkətin qarşısında həm mənfi, həm də müsbət istiqamətlərin eyni vaxtda formalaşdığını göstərir. Bir tərəfdən, sığorta fəaliyyətinin əsas maliyyə göstəricilərində zəifləmə və xalis nəticənin mənfiyə keçməsi diqqət çəkir. Digər tərəfdən isə investisiya portfelindən əldə olunan gəlirin artması şirkətin əsas sığorta fəaliyyətindən yaranan təzyiqi müəyyən qədər kompensasiya edib.

Şirkət 2026-cı ilin yanvar-iyun aylarını 376 min manat xalis zərərlə başa vurub. Halbuki 2025-ci ilin eyni dövründə 673,6 min manat xalis mənfəət qeydə alınmışdı. Beləliklə, bir il ərzində maliyyə nəticəsi təxminən 1,05 milyon manat pisləşib. Daha diqqətçəkən məqam isə ilin birinci rübündə 275 min manat xalis mənfəət əldə edən şirkətin ikinci rübü 651 min manat zərərlə tamamlamasıdır. Bu dinamika nəticənin təsadüfi və ya birdəfəlik dəyişmədən daha çox, ikinci rübdə yaranan əlavə maliyyə təzyiqlərinin göstəricisi kimi qiymətləndirilə bilər.

Gəlirlərdə azalma əsas narahatlıq mənbəyidir

“AzSığorta”nın ilk yarımillik nəticələrində ən mühüm risklərdən biri ümumi gəlirlərin azalmasıdır. Hesabat dövründə şirkətin ümumi gəlirləri 5,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz azalma deməkdir. Eyni zamanda ümumi xərclər 5,8 milyon manat olub və illik müqayisədə 9 faiz azalıb.

Burada diqqət çəkən məqam xərclərin azalmasına baxmayaraq gəlirlərdəki geriləmənin daha sürətli olmasıdır. Başqa sözlə, şirkət xərclərini müəyyən qədər optimallaşdıra bilsə də, bu qənaət gəlirlərdəki itkini kompensasiya etməyə kifayət etməyib. Nəticədə gəlirlərlə xərclər arasında mənfi fərq yaranıb və şirkət yarımili zərərlə başa vurub.

Sığorta şirkəti üçün bu vəziyyət xüsusilə əhəmiyyətlidir. Çünki sığorta biznesinin dayanıqlılığı ilk növbədə risklərin düzgün qiymətləndirilməsi, kifayət qədər sığorta haqqının toplanması və xərclərin həmin gəlirlərlə balanslaşdırılmasından asılıdır. Əgər gəlir bazası uzun müddət ərzində daralarsa, şirkətin investisiya gəlirlərindən asılılığı arta bilər.

Sığorta haqlarının azalması biznes modelinə təzyiq yaradır

“AzSığorta”nın biznes portfeli üzrə hesablanmış sığorta haqları ilk yarımildə 3,7 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 21 faiz azalıb. Sığorta ödənişləri də 26 faiz azalaraq 789,4 min manat olub. İlk baxışdan ödənişlərin haqlardan daha sürətlə azalması müsbət hal təsiri yaratsa da, əsas məsələ sığorta portfelinin özünün kiçilməsidir.

Məhz burada şirkət üçün strateji risk formalaşır. Sığorta ödənişlərinin azalması müvəqqəti olaraq zərərliliyi yaxşılaşdıra bilər, lakin bunun səbəbi yeni müqavilələrin və sığorta haqlarının azalmasıdırsa, uzunmüddətli perspektivdə bu tendensiya şirkətin gəlir imkanlarını məhdudlaşdıra bilər.

Hesabat dövründə zərərlilik dərəcəsinin 21,1 faizdən 17,8 faizə enməsi isə müsbət göstəricidir. Bu, hər 100 manat sığorta haqqına düşən ödəniş yükünün azaldığını göstərir. Əmlak sığortasında da zərərlilik 20,6 faiz səviyyəsində olub. Deməli, problem hazırda əsasən ödənişlərin həddindən artıq artmasından deyil, sığorta biznesinin gəlir tərəfinin zəifləməsindən qaynaqlanır.

“AzSığorta”nın biznes portfelində əmlak sığortasının xüsusi çəkisi diqqət çəkir. İlk altı ayda bu istiqamət üzrə hesablanmış sığorta haqları 3,4 milyon manat, ödənişlər isə 699,8 min manat olub. Zərərlilik dərəcəsinin 20,6 faiz olması bu istiqamətin şirkət üçün nisbətən idarəolunan nəticə verdiyini göstərir.

Lakin portfelin müəyyən məhsul və istiqamətlərdə cəmləşməsi ayrıca risk yarada bilər. Əmlak sığortası iri məbləğli hadisələrə, təbii fəlakətlərə, yanğınlara və digər yüksək zərər yarada biləcək hadisələrə həssasdır. Buna görə də hazırkı aşağı zərərlilik göstəricisi avtomatik olaraq gələcək dövrlərdə eyni nəticənin qorunacağı anlamına gəlmir.

Bu baxımdan təkrarsığorta mexanizmlərinin effektivliyi mühüm əhəmiyyət daşıyır. Böyük risklərin balansda həddindən artıq saxlanılması gələcəkdə bir və ya bir neçə iri sığorta hadisəsinin maliyyə nəticələrinə kəskin təsir göstərməsinə səbəb ola bilər.

İnvestisiya porteli və kapital mövqeyi

“AzSığorta”nın hesabatında ən müsbət məqamlardan biri investisiya fəaliyyətidir. 30 iyun 2026-cı il tarixinə şirkətin investisiya portfelinin həcmi 23,3 milyon manat təşkil edib. Bu məbləğ əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalsa da, portfelin gətirdiyi investisiya gəliri 1,4 milyon manata çatıb və illik müqayisədə 22,7 faiz artıb.

Portfelin strukturuna baxdıqda əsas vəsaitlərin istiqrazlarda və depozitlərdə yerləşdirildiyi görünür. Belə ki, 16,4 milyon manat istiqrazlara, 6,5 milyon manat depozitlərə, 364,6 min manat isə səhmlərə yönəldilib. Bu struktur şirkətin yüksək riskli aktivlərə həddindən artıq meyil etmədiyini göstərir.

Digər tərəfdən, investisiya gəlirinin sığorta fəaliyyətindən əldə olunan gəlirlərin azalmasını kompensasiya edən mühüm mənbəyə çevrilməsi də müəyyən risk daşıyır. Sığorta şirkətinin əsas biznesi sığorta risklərinin qəbulundan gəlir əldə etməkdir. Əgər investisiya gəliri əməliyyat fəaliyyətindəki zəifliyi davamlı şəkildə örtməyə başlayarsa, şirkətin maliyyə nəticələri bazar faizləri, qiymətli kağızların gəlirliliyi və digər investisiya şərtlərindən daha çox asılı vəziyyətə düşə bilər.

30 iyun 2026-cı il tarixinə “AzSığorta”nın aktivləri 29,2 milyon manat olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azalıb. Şirkətin öhdəlikləri 11 milyon manat təşkil edib və illik müqayisədə 19,5 faiz azalıb. Balans kapitalı isə 18,2 milyon manat olub ki, bu da 1,6 faiz azalma deməkdir. Nizamnamə kapitalı 14 milyon manat səviyyəsində qalıb.

Ancaq kapitalın da azalması diqqətdən kənarda qalmamalıdır. 2026-cı ilin ilk yarısında yaranmış 376 min manatlıq zərər davamlı xarakter alarsa, bölüşdürülməmiş mənfəət və nəticə etibarilə kapital göstəricilərinə əlavə təzyiq yarana bilər. Bu səbəbdən bir yarımillik zərərin özü kritik vəziyyət kimi qiymətləndirilməsə də, ardıcıl bir neçə dövrdə təkrarlanması daha ciddi risk yaradardı.

Əsas risklər

“AzSığorta”nın 2026-cı ilin ilk yarısındakı maliyyə nəticələrinə əsasən ən mühüm risk sığorta haqlarının azalmasıdır. 21 faizlik geriləmə şirkətin yeni biznes cəlb etmək, mövcud müştəri bazasını qorumaq və sığorta portfelini genişləndirmək məsələlərində əlavə addımlara ehtiyac olduğunu göstərir.

İkinci risk gəlirlərin xərclərdən daha sürətlə azalmasıdır. Ümumi gəlirlər 25 faiz azaldığı halda xərclərin cəmi 9 faiz azalması əməliyyat səmərəliliyinin zəifləməsinə işarə edir. Əgər bu tendensiya ilin ikinci yarısında da davam edərsə, investisiya gəlirlərinin artması belə əsas fəaliyyətdəki zəifliyi tam kompensasiya etməyə bilər.

Üçüncü risk investisiya gəlirlərinə artan əhəmiyyətin özüdür. 1,4 milyon manatlıq investisiya gəliri müsbət göstəricidir, lakin sığorta fəaliyyətindən gəlirlərin azalması fonunda bu mənbəyə həddindən artıq söykənmək uzunmüddətli strategiya baxımından arzuolunan deyil.

Dördüncü risk aktivlərin və kapitalın azalmasıdır. Aktivlərin 5,6 faiz, kapitalın isə 1,6 faiz azalması hələlik kəskin deyil, lakin sığorta haqlarının azalması və zərərin davam etməsi ilə birlikdə qiymətləndirildikdə diqqət tələb edir. Xüsusilə iri sığorta hadisələri zamanı kapitalın kifayət qədər qorunması mühüm məsələ olaraq qalır.

Beləliklə, “AzSığorta” ASC-nin 2026-cı ilin ilk yarısının nəticələri şirkətin böhran həddində olduğunu göstərmir, lakin maliyyə nəticəsinin mənfiyə keçməsi və sığorta haqlarının əhəmiyyətli dərəcədə azalması xəbərdarlıq siqnallarıdır.

 

Sığorta haqları, kapitalı azalan, ödənişlərin kəskin artan sığorta şirkəti – TƏHLİL

 

7 risklə üşləşən bank