Yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılan müəyyən kateqoriyadan olan hərbi qulluqçuların mənzil təminatı qanunla tənzimlənir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları seçdikləri yaşayış yerində mənzillə təmin edilə bilərlər. Mənzil olmadıqda, müəyyən edilmiş qaydada fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ayrılması nəzərdə tutulur. Müvafiq kateqoriyaya aid şəxslər seçdikləri yaşayış yerinə gəldikdən sonra ən geci altı ay ərzində bu təminatı almalıdırlar. Müddətdən artıq xidmət hərbi qulluqçuları üçün, bir qayda olaraq, azı 15 təqvim ili xidmət şərti nəzərdə tutulur, Silahlı Qüvvələrin sayının ixtisarı ilə əlaqədar buraxılanlar üçün isə azı beş il xidmət tələbi müəyyən edilir.
