İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması Mərkəzi Bank tərəfindən həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qiymətli kağızların kütləvi təklifi nəzərdə tutulduqda emissiya prospektini və ya informasiya memorandumunu da Mərkəzi Bank təsdiq edir. Dövlət qeydiyyatı üçün emitent müvafiq ərizə və qiymətli kağızların buraxılışı barədə qərarı təqdim etməlidir. Həmçinin emitentin dövlət qeydiyyatını təsdiqləyən sənədlərin, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnamənin müvafiq qaydada təsdiq edilmiş surətləri tələb olunur. Kütləvi təklif nəzərdə tutulduqda emissiya prospekti və ya informasiya memorandumu da təqdim edilməli, prospekt hazırlanırsa, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır.
