“Azər-Türk Bank” ASC 2026-cı ilin ilk doqquz ayını mənfəət artımı ilə başa vursa da, bankın maliyyə hesabatında diqqət tələb edən bir sıra məqamlar da mövcuddur. İlk baxışdan müsbət görünən mənfəət dinamikası, aktivlərin və kredit portfelinin genişlənməsi bankın fəaliyyətində risklərin azaldığı anlamına gəlmir. Əksinə, maliyyə göstəricilərinin müqayisəsi gəlirlərin strukturunda, kreditlərin artım tempində, ehtiyatların formalaşdırılmasında və maliyyələşmə mənbələrində müəyyən suallar yaradır.
Bankın 2026-cı il sentyabrın 30-na olan maliyyə göstəricilərinə əsasən, aktivlərinin həcmi 2 milyard 184 milyon manata, öhdəlikləri 2 milyard 48,9 milyon manata, kapitalı isə 135,1 milyon manata çatıb. Kredit portfeli 944,9 milyon manat, depozit portfeli 1 milyard 668,2 milyon manat təşkil edib. Doqquz ayın yekununda xalis mənfəət 15,17 milyon manat olub.
Bu göstəricilər bankın maliyyə fəaliyyətində genişlənməni göstərsə də, artımın keyfiyyəti və gələcək dövrdə davamlılığı ayrıca qiymətləndirilməlidir.
Azər-Türk Bankın mənfəəti də, riskləri və problemləri də artır
Fazi xərcləri 12 faizə çatır
2026-cı ilin yanvar-sentyabr aylarında bankın xalis mənfəəti ötən ilin eyni dövründəki 9,38 milyon manatdan 15,17 milyon manata yüksəlib. Beləliklə, illik müqayisədə 61,8 faiz artım qeydə alınıb. Vergidən əvvəlki mənfəət isə 11,7 milyon manatdan 18,96 milyon manata çatıb.
Lakin mənfəətin artımını təmin edən amillərə nəzər saldıqda, faiz gəlirlərinin bu yüksəlişdə əsas rol oynamadığı görünür. Belə ki, bankın faiz gəlirləri 97,41 milyon manatdan 105,69 milyon manata yüksəlib. Bu, 8,5 faizlik artım deməkdir. Eyni zamanda faiz xərcləri 51,08 milyon manatdan 57,13 milyon manata yüksələrək 11,9 faiz artıb.
Nəticədə xalis faiz gəliri cəmi 4,8 faiz artaraq 46,33 milyon manatdan 48,56 milyon manata çatıb. Başqa sözlə, bankın əsas bankçılıq fəaliyyətindən əldə etdiyi xalis faiz gəlirinin artımı xalis mənfəətin artım tempindən xeyli geri qalıb.
Daha diqqətçəkən məqam qeyri-faiz gəlirləridir. Bu gəlirlər 27,92 milyon manatdan 37,18 milyon manata yüksələrək 33,2 faiz artıb. Qeyri-faiz gəlirlərinin mənfəətin formalaşmasında rolunun artması müsbət hal sayıla bilər. Bununla belə, bu gəlirlərin hansı mənbələrdən formalaşması, nə dərəcədə davamlı olması və birdəfəlik əməliyyatlardan asılılığı ayrıca araşdırılmalıdır.
Digər tərəfdən, qeyri-faiz xərcləri də 56,65 milyon manatdan 61,41 milyon manata yüksəlib. Artım 8,4 faiz təşkil edib. Beləliklə, bankın qeyri-faiz gəlirlərinin artım tempi xərclərin artımını üstələsə də, xərclərin ümumi həcmi hələ də qeyri-faiz gəlirlərindən xeyli yüksəkdir. Bu fərq bankın əməliyyat səmərəliliyi baxımından diqqətdə saxlanılmalıdır.
Mənfəətin 62 faiz artması, şübhəsiz ki, müsbət nəticədir. Ancaq xalis faiz gəlirlərinin daha zəif artması bankın gəlirliliyinin gələcəkdə qeyri-faiz əməliyyatlarının nəticələrindən daha çox asılı ola biləcəyini göstərir.
Kredit portfeli 20 faiz böyüyüb: istehlak kreditlərindəki artım riskləri yüksəldə bilər
Bankın hesabatında diqqət çəkən əsas məqamlardan biri kredit portfelinin genişlənməsi və bu artımın strukturudur. 2026-cı il sentyabrın 30-na bankın kredit portfeli 944,91 milyon manat təşkil edib. Ötən ilin eyni tarixində bu göstərici 787,66 milyon manat olub. Beləliklə, bir il ərzində kredit portfeli 157,25 milyon manat və ya 20 faiz artıb.
Lakin artım bütün kredit istiqamətləri üzrə eyni səviyyədə deyil. Ən yüksək dinamika istehlak kreditlərində müşahidə olunub. Bu kreditlərin həcmi 314,24 milyon manatdan 424,07 milyon manata yüksələrək 35 faiz artıb. Biznes kreditləri 267,12 milyon manatdan 303,24 milyon manata çatıb ki, bu da 13,5 faiz artım deməkdir. Daşınmaz əmlak kreditlərində isə artım 5,5 faiz olub və portfel 217,6 milyon manata yüksəlib.
Bu rəqəmlər göstərir ki, bankın kredit genişlənməsinin əsas hərəkətverici qüvvəsi istehlak kreditləridir. Onların ümumi kredit portfelindəki payı bir il ərzində təxminən 39,9 faizdən 44,9 faizə yüksəlib. Başqa sözlə, hazırda bankın verdiyi hər 100 manat kreditin təxminən 45 manatı istehlak kreditlərinin payına düşür.
İstehlak kreditlərinin sürətli artması bankın faiz gəlirlərinin yüksəlməsinə şərait yaratsa da, bu istiqamətdə risklər də mövcuddur. Belə kreditlər əsasən fiziki şəxslərin əməkhaqqı və digər müntəzəm gəlirləri hesabına qaytarılır. İqtisadi şəraitin pisləşməsi, inflyasiya, ailələrin borc yükünün artması və gəlirlərin azalması borcalanların ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Xüsusilə istehlak kreditlərinin biznes kreditlərindən daha sürətlə böyüməsi bankın kredit portfelinin iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsindəki rolunun nisbətən zəifləməsi ehtimalını yaradır. Biznes kreditləri istehsal, ticarət, xidmət və digər iqtisadi fəaliyyət sahələrinin inkişafına yönəldiyi halda, istehlak kreditlərinin sürətli artımı daha çox əhalinin cari tələbatının maliyyələşdirilməsinə xidmət edir.
Burada əsas məsələ kreditlərin artması deyil, həmin kreditlərin hansı keyfiyyətdə verilməsidir. Borcalanların gəlirlərinin düzgün qiymətləndirilməsi, mövcud borc öhdəliklərinin nəzərə alınması və kreditlərin sonradan geri qaytarılma qabiliyyətinin monitorinqi xüsusi əhəmiyyət daşıyır.
Digər diqqətçəkən məqam problemli kreditlərin səviyyəsi ilə bağlıdır. Mövcud məlumatlarda bankın problemli kreditlərinin ümumi portfelə nisbəti 2,65 faiz göstərilir. Bu, ilkin baxışdan qənaətbəxş göstərici sayıla bilər. Ancaq portfelin 20 faiz, istehlak kreditlərinin isə 35 faiz böyüdüyü şəraitdə problemli kreditlərin dinamikası daha diqqətlə izlənilməlidir. Çünki yeni verilmiş kreditlərin müəyyən hissəsində gecikmələr və ödəmə problemləri daha sonrakı dövrlərdə üzə çıxa bilər.
Kredit portfeli böyüyür, məqsədli ehtiyatlar azalır
Bankın maliyyə hesabatında xüsusi diqqət tələb edən məsələlərdən biri kreditlər üzrə mümkün zərərlərin qarşılanması üçün yaradılmış məqsədli ehtiyatların dinamikasıdır.
Məlumatlara əsasən, 2025-ci il sentyabrın 30-da müştərilərə verilmiş kreditlər üzrə məqsədli ehtiyatların həcmi 17,22 milyon manat olduğu halda, 2026-cı ilin eyni tarixində 16,51 milyon manata enib. Beləliklə, kredit portfeli təxminən 20 faiz genişləndiyi halda, kredit riskləri üçün yaradılmış ehtiyatlar 4,1 faiz azalıb.
Bu dəyişiklik ehtiyatların kredit portfelinə nisbətində də özünü göstərir. Bir il əvvəl təxminən 2,19 faiz olan bu göstərici 2026-cı ilin sentyabrında 1,75 faizə düşüb.
Əlbəttə, ehtiyatların azalmasını avtomatik olaraq kreditlərin keyfiyyətinin pisləşməsi kimi qiymətləndirmək düzgün olmazdı. Ehtiyatların həcminə kreditlərin risk kateqoriyaları, girov təminatı, borcalanların maliyyə vəziyyəti, əvvəlki ehtiyatların istifadəsi və kreditlərin təsnifatı təsir edir. Bununla belə, kredit portfelinin sürətlə böyüməsi fonunda ehtiyatların azalması əsaslandırılması tələb olunan məqamdır.
Xüsusilə istehlak kreditlərinin portfeldə payının artması bu məsələnin əhəmiyyətini daha da yüksəldir. Bankın kredit portfelində mümkün itkilərin artması ehtimalına qarşı kifayət qədər ehtiyat formalaşdırması vacibdir. Əks halda, gələcək dövrlərdə problemli kreditlərin çoxalması bankın mənfəətinə və kapitalına əlavə təzyiq göstərə bilər.
Burada başqa bir məqam da var: problemli kreditlərin hazırkı səviyyəsi gələcək risklərin tam mənzərəsini əks etdirmir. Kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün vaxtı keçmiş kreditlərin müddətlər üzrə bölgüsü, restrukturizasiya edilmiş kreditlər, qeyri-işlək kreditlərin həcmi və onların ehtiyatlarla örtülmə səviyyəsi də nəzərə alınmalıdır.
Beləliklə, bankın kredit portfelinin artımı müsbət biznes göstəricisi olsa da, ehtiyatların azalması bu artımın risklərdən nə dərəcədə qorunduğu barədə əlavə suallar yaradır.
Kapitalı azalan, öhdəlikləri artan bank – Vaxtı keçmiş kreditlər, likvidlik və faiz riskləri də var
Maliyyələşmə bazasında konsentrasiya riski
“Azər-Türk Bank”ın maliyyə hesabatında diqqət çəkən digər istiqamət depozit portfelinin genişlənməsidir. 2026-cı il sentyabrın 30-na bankın depozit portfeli 1 milyard 668,2 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 188 milyon manat ətrafında olub. Beləliklə, depozitlər 40,4 faiz artıb.
Bu artım kredit portfelinin 20 faizlik genişlənməsini üstələyir. İlk baxışdan bu, bankın maliyyələşmə bazasının genişlənməsi və müştəri vəsaitlərinin cəlb edilməsi baxımından müsbət haldır.
Lakin depozitlərin strukturunda müəyyən risklər də mövcuddur. Belə ki, fiziki şəxslərin depozitləri 203,51 milyon manatdan 344,76 milyon manata yüksəlib. Artım 69,4 faiz təşkil edib. Hüquqi şəxslərin depozitləri isə 984,43 milyon manatdan 1 milyard 323,4 milyon manata çatıb. Bu istiqamətdə artım 34,4 faiz olub.
Nəticədə hüquqi şəxslərin depozitləri ümumi depozit portfelinin təxminən 79,3 faizini təşkil edir. Bu, bankın maliyyələşmə mənbələrində korporativ müştərilərin üstün mövqeyə malik olduğunu göstərir.
Korporativ depozitlərin yüksək payı özlüyündə mənfi göstərici deyil. Böyük şirkətlərin və institusional müştərilərin vəsaitləri bankın resurs bazasını genişləndirə bilər. Ancaq belə maliyyələşmə mənbələrinin konsentrasiyası likvidlik riskləri baxımından diqqət tələb edir.
Məsələn, iri korporativ müştərilərdən bir neçəsinin vəsaitlərini eyni vaxtda geri çəkməsi bankın qısamüddətli likvidlik mövqeyinə təsir göstərə bilər. Bu səbəbdən depozitlərin ümumi həcmi ilə yanaşı, onların müştərilər üzrə konsentrasiyası, müddət strukturu və sabitlik səviyyəsi də vacibdir.
Digər tərəfdən, depozitlərin sürətli artımı bank üçün maliyyələşmə xərclərini də yüksəldə bilər. Hesabat dövründə depozitlər üzrə faiz xərclərinin 45,69 milyon manatdan 52,41 milyon manata yüksəlməsi, yəni 14,7 faiz artması bu baxımdan diqqət çəkir.
Aktivlərin artımı və likvidlik: 248 milyon manatlıq nağd vəsaitin hamısı sərbəst deyil
2026-cı ilin sentyabr ayının sonuna bankın aktivləri 2 milyard 184 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 849 milyon manat ətrafında olub. Beləliklə, aktivlər 334,8 milyon manat və ya 18,1 faiz artıb.
Aktivlərin strukturunda da əhəmiyyətli dəyişikliklər baş verib. Nağd pul və onun ekvivalentləri 151,68 milyon manatdan 248,05 milyon manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızlarının həcmi 186,44 milyon manatdan 304,94 milyon manata çatıb. Hər iki istiqamətdə artım təxminən 63,5 faiz təşkil edib.
Bunun əksinə olaraq, digər banklardakı depozitlərin həcmi 659,15 milyon manatdan 601,96 milyon manata enib. Azalma 8,7 faizdir. Eyni zamanda müştərilərə verilən kreditlərin həcmi 20 faiz artıb.
Bu dəyişiklik bankın aktivlərinin strukturunda nağd vəsait və qiymətli kağızların payının yüksəldiyini göstərir. Lakin nağd vəsaitin həcmini qiymətləndirərkən mühüm bir məqam nəzərə alınmalıdır: hesabatdakı göstəriciyə bloklaşdırılmış vəsaitlər də daxildir. Buna görə 248 milyon manatın hamısını bankın istənilən vaxt sərbəst istifadə edə biləcəyi likvid vəsait kimi qəbul etmək olmaz.
Eyni zamanda qiymətli kağızların artması da avtomatik olaraq likvidliyin eyni səviyyədə yüksəlməsi demək deyil. Bu aktivlərin likvidliyi, müddəti, emitentləri, bazar qiymətlərinin dəyişməsi və zərurət yarandıqda nə qədər sürətlə pula çevrilə bilməsi əhəmiyyətlidir.
Bu baxımdan bankın likvidlik mövqeyini daha dəqiq qiymətləndirmək üçün yüksək likvidli aktivlərin ümumi öhdəliklərə nisbəti, qısamüddətli öhdəliklərin ödənilməsi imkanları və depozitlərin müddət strukturu barədə məlumatlar da vacibdir.
“Atəşgah” Sığortanın problemləri – Xərcləri, öhdəlikləri daha yüksək templə artır – TƏHLİL
Kapital artır, lakin onun keyfiyyəti və dayanıqlılığı da önəmlidir
Bankın kapitalı 2025-ci il sentyabrın 30-da 116,45 milyon manat olduğu halda, 2026-cı ilin sentyabrında 135,11 milyon manata yüksəlib. Artım təxminən 16 faiz təşkil edib. Səhmdar kapitalı 79 milyon manatdan 100,5 milyon manata çatıb. Bu, 21,5 milyon manat və ya 27,2 faiz artım deməkdir.
Bankın ümumi ehtiyatları da 6,33 milyon manatdan 9,07 milyon manata yüksəlib. Bununla belə, bölüşdürülməmiş mənfəət 31,12 milyon manatdan 25,54 milyon manata düşüb. Azalma 17,9 faiz təşkil edib.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bank 2026-cı ilin ilk doqquz ayında 15,17 milyon manat xalis mənfəət əldə etsə də, bölüşdürülməmiş mənfəət ötən ilin eyni tarixindəki səviyyədən aşağıdır. Bu fərqə dividend ödənişləri və digər kapital hərəkətləri təsir etmiş ola bilər. Lakin bunun dəqiq səbəblərini müəyyənləşdirmək üçün kapitalda dəyişikliklər haqqında hesabatın detalları tələb olunur.
Kapitalın artması bankın mümkün maliyyə itkilərini qarşılamaq imkanlarını gücləndirir. Bununla belə, kapitalın mütləq həcmi ilə yanaşı, onun risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti də mühüm göstəricidir. Kredit portfeli və digər riskli aktivlər sürətlə böyüdükdə kapitalın artımı bu genişlənməni adekvat şəkildə müşayiət etməlidir.
Bu baxımdan bankın 2026-cı ilin üçüncü rübü üzrə tənzimləyici kapital adekvatlığı, birinci dərəcəli kapitalın payı və risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin dinamikası ayrıca qiymətləndirilməlidir. Mühasibat balansında kapitalın 135,1 milyon manat olması təkbaşına bankın kapital adekvatlığının normativ tələblərə uyğunluğunu müəyyən etməyə imkan vermir.
“PAŞA Sığorta”nın mənfəəti 10 faizdən çox azalıb, öhdəlikləri 40 faizdən çox artıb – TƏHLİL
Risklərin idarə olunması əsas sınaq olaraq qalır
“Azər-Türk Bank” ASC-nin 2026-cı ilin ilk doqquz ayının nəticələri bankın aktivlərinin, kredit və depozit portfellərinin, kapitalının və xalis mənfəətinin artdığını göstərir. Xalis mənfəətin 61,8 faiz yüksələrək 15,17 milyon manata çatması müsbət nəticədir. Eyni zamanda depozit bazasının genişlənməsi və kapitalın artması bankın maliyyə imkanlarının gücləndiyini göstərən amillərdir.
Bununla belə, hesabatda diqqətdən kənarda qalmamalı bir neçə əsas risk mövcuddur. İlk növbədə, istehlak kreditlərinin 35 faiz artması və ümumi portfeldə payının 44,9 faizə yüksəlməsi kredit risklərinin gələcəkdə daha ciddi monitorinqini tələb edir. Kredit portfeli böyüdüyü halda məqsədli ehtiyatların 4,1 faiz azalması da əlavə araşdırılmalı məqamdır.
İkinci mühüm məsələ depozitlərin 79,3 faizinin hüquqi şəxslərin payına düşməsidir. Bu struktur iri müştərilərin vəsaitlərinin hərəkətindən asılılığı artırır. Üçüncü məqam faiz xərclərinin faiz gəlirlərindən daha sürətlə artması və xalis faiz gəlirinin cəmi 4,8 faiz yüksəlməsidir. Bu isə bankın əsas bankçılıq fəaliyyətindən əldə etdiyi gəlirliliyin mənfəətin ümumi artım tempinə uyğun genişlənmədiyini göstərir.
Beləliklə, bankın qarşısında duran əsas vəzifə kredit portfelinin həcmini artırmaqla yanaşı, onun keyfiyyətini qorumaq, risklərə uyğun ehtiyat formalaşdırmaq, depozit mənbələrini şaxələndirmək və faiz marjasını dayanıqlı səviyyədə saxlamaqdır.
Beləliklə “Azər-Türk Bank”ın 2026-cı ilin üçüncü rübündə mənfəətinin artmasının davamlılığını müəyyən edəcək əsas amil növbəti dövrlərdə kreditlərin geri qaytarılma keyfiyyəti, ehtiyatların adekvatlığı və maliyyələşmə xərclərinin idarə olunması olacaq.
