“BE” kateqoriyası qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyalı avtomobilləri idarə etmək hüququ verir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu kateqoriya qoşqusunun kütləsi 750 kiloqramdan artıq, avtomobil və qoşqudan ibarət tərkibin ümumi icazə verilən maksimum kütləsi isə 3 500 kiloqramdan çox olan “B” kateqoriyalı avtomobilləri də əhatə edir. “C1E” altkateqoriyası ilə qoşqusunun kütləsi 750 kiloqramdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan “C1” avtomobillərini idarə etmək mümkündür. Bu halda avtomobil və qoşqudan ibarət tərkibin ümumi icazə verilən maksimum kütləsi 12 000 kiloqramı keçməməlidir. Bu kateqoriyalar qoşqulu nəqliyyat vasitələrinin idarə edilməsi üçün ayrıca hüquq müəyyən edir.