Hərbi qulluqçuların və onların ailə üzvlərinin təklif, ərizə və şikayətlərinə qanunla müəyyən edilmiş müddətdə baxılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, müraciətlər daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində nəzərdən keçirilməlidir. Şikayət verilməsinə mane olmaq, şikayətçini cəzalandırmaq və ya ona qarşı təqib tədbirləri görmək qadağandır. Bu qadağanın pozulmasında təqsirli olan şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Bununla yanaşı, şikayətində qəsdən yalan məlumat verən və ya böhtan atan hərbi qulluqçu da qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilə bilər.