Hərbi qulluqçuların istirahət hüququ həftəlik xidmət vaxtının 41 saatdan çox olmaması və istirahət günlərinin müəyyən edilməsi ilə təmin olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanunvericiliyə əsasən, hərbi qulluqçulara bayram günləri, illik məzuniyyətlər və müəyyən kateqoriyalar üçün digər ödənişli məzuniyyətlər verilir. Onların dincəlməsi və qidalanması üçün gündəlik fasilələr də nəzərdə tutulur. Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin döyüşə daim hazırlığının təmin edilməsi tələbləri nəzərə alınmaqla müəyyənləşdirilir. Döyüşə və səfərbərliyə hazırlıqla bağlı təlimlər və digər tədbirlər isə komandanlığın planlarına əsasən, xidmət vaxtının ümumi müddəti məhdudlaşdırılmadan keçirilə bilər.
