“Premium Bank” ASC-nin 2026-cı ilin ilk doqquz ayı üzrə maliyyə hesabatı bankın mənfəətliliyində əhəmiyyətli artımın qeydə alındığını, lakin balans göstəricilərinin genişlənməsi baxımından ciddi dinamikanın olmadığını göstərir. Bank yanvar-sentyabr aylarını təxminən 13 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətin 42,8% artması ilk baxışdan müsbət nəticə kimi qiymətləndirilə bilər. Bununla belə, hesabatın ayrı-ayrı maddələrinin təhlili mənfəət artımının arxasında dayanan amillərin, aktivlərin strukturunun, kredit və depozit portfellərinin dinamikasının, eləcə də likvidlik və kapital göstəricilərinin daha dərindən araşdırılmasını zəruri edir.

Əsas diqqətçəkən məqam ondan ibarətdir ki, bankın xalis mənfəəti sürətlə artdığı halda, aktivlərinin həcmi ilin əvvəlindən cəmi 0,2% yüksəlib. Eyni zamanda, kredit portfelinin depozitləri üstələməsi, pul vəsaitlərinin azalması, ehtiyat xərclərinin artması və digər gəlirlər maddəsindəki kəskin yüksəliş bankın maliyyə dayanıqlılığı baxımından izlənilməli məsələlərdir.

Azər-Türk Bankda kredit portfelinin genişlənməsi və maliyyə dayanıqlılığı ilə bağlı risklər – TƏHLİL

Aktivlərdə durğunluq: bank bazarın ümumi artım tempindən geri qalır

“Premium Bank”ın 30 sentyabr 2026-cı il tarixinə aktivləri 678,9 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonundakı 677,7 milyon manatla müqayisədə cəmi 1,2 milyon manat və ya 0,2% artım deməkdir. Başqa sözlə, doqquz ay ərzində bankın aktiv bazası faktiki olaraq əvvəlki səviyyədə qalıb.

Bu göstərici bank sektorunda müşahidə olunan ümumi dinamika ilə müqayisədə diqqətçəkəndir. Belə ki, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycan bank sektorunun aktivləri 9,44% artıb. “Premium Bank”ın aktivlərinin doqquz ayda cəmi 0,2% genişlənməsi onun bazarın ümumi inkişaf tempindən geri qaldığını göstərir. Bu fərq bankın bazar payının qorunması və genişləndirilməsi baxımından müəyyən suallar yaradır.

Aktivlərin strukturunda da dəyişikliklər var. Bankın nağd pul vəsaitləri və onların ekvivalentləri ilin əvvəlindəki 170 milyon manatdan 156,8 milyon manata düşüb. Azalma 13,2 milyon manat və ya 7,8% təşkil edib. Bununla yanaşı, kredit portfeli 3,8% artaraq 496,7 milyon manata çatıb.

Bu dinamika bankın likvid vəsaitlərinin bir hissəsini kreditləşməyə yönəltdiyini göstərir. Belə yanaşma faiz gəlirlərinin artırılması baxımından məntiqli olsa da, bankın sərəncamında olan dərhal istifadə edilə bilən vəsaitlərin azalması likvidlik idarəetməsinə əlavə məsuliyyət yaradır. Xüsusilə depozitlərin geri çəkilməsi və ya gözlənilməz ödəniş öhdəliklərinin yaranması zamanı kifayət qədər likvid aktivlərin saxlanılması mühüm əhəmiyyət daşıyır.

“Atəşgah” Sığortanın problemləri – Xərcləri, öhdəlikləri daha yüksək templə artır – TƏHLİL

Kredit portfeli depozitləri üstələyir: maliyyələşmə riski artır

Hesabat dövründə bankın kredit portfeli 496,7 milyon manat, depozit portfeli isə 402,3 milyon manat təşkil edib. Beləliklə, kreditlərin depozitlərə nisbəti 123,4%-ə yüksəlib. İlin əvvəlində bu göstərici 121,4% olub.

Bu o deməkdir ki, bankın müştərilərə verdiyi kreditlərin həcmi müştərilərdən cəlb etdiyi depozitlərdən təxminən 94,4 milyon manat çoxdur. Fərqin mövcudluğu özlüyündə bankın maliyyə vəziyyətinin problemli olması demək deyil. Banklar kredit portfelini digər maliyyələşmə mənbələri hesabına da formalaşdıra bilirlər. Lakin kreditlərin depozitləri əhəmiyyətli dərəcədə üstələməsi maliyyələşmə mənbələrinin şaxələndirilməsini və likvidliyin düzgün idarə olunmasını daha vacib edir.

Depozit portfelinin artım tempi də kreditləşmənin genişlənməsi ilə müqayisədə zəifdir. İlin əvvəlindən depozitlər təxminən 2% artdığı halda, kredit portfelində 3,8%-lik yüksəliş qeydə alınıb. Bu fərq bankın kredit fəaliyyətini maliyyələşdirmək üçün alternativ resurslara ehtiyacının arta biləcəyini göstərir. Digər tərəfdən, depozit bazasının daha sürətli genişləndirilməməsi bankın gələcək kredit artımı üçün əlavə məhdudiyyət yarada bilər.

Depozitlərin strukturunda fiziki şəxslərin vəsaitləri 309,5 milyon manat, hüquqi şəxslərin depozitləri isə 92,9 milyon manat təşkil edib. Hüquqi şəxslərin depozitlərinin ilin əvvəlindən 4,3%, fiziki şəxslərin depozitlərinin isə 1,4% artması korporativ müştərilərdən cəlb olunan vəsaitlərin daha sürətli genişləndiyini göstərir.

Kredit portfelinin strukturunda biznes kreditləri 362,2 milyon manatla əsas yeri tutur. Bu, ümumi kredit portfelinin təxminən 73%-i deməkdir. İpoteka kreditləri 72,8 milyon manat, istehlak kreditləri isə 61,7 milyon manat təşkil edir.

Biznes kreditlərinin yüksək payı bankın korporativ maliyyələşmə istiqamətində ixtisaslaşmasını göstərsə də, eyni zamanda sektor və iri borcalanlar üzrə konsentrasiya riskini gündəmə gətirir. Kreditlərin müəyyən sahələrdə və ya məhdud sayda iri müştəridə cəmləşməsi həmin sahələrdə iqtisadi fəallığın zəifləməsi, dövriyyələrin azalması və ödəniş qabiliyyətinin pisləşməsi zamanı bankın kredit risklərini artıra bilər. Bu baxımdan kredit portfelinin sahələr və borcalanlar üzrə bölgüsü ayrıca əhəmiyyət daşıyır.

Mənfəət artımının keyfiyyəti: digər gəlirlərdəki sıçrayış suallar yaradır

Bankın 2026-cı ilin ilk doqquz ayında xalis mənfəətinin 12,983 milyon manata çatması müsbət nəticədir. Lakin bu artımın hansı mənbələr hesabına formalaşması xüsusi əhəmiyyət daşıyır.

Hesabat dövründə bankın faiz gəlirləri 30,678 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur. Faiz gəlirlərinin əsas hissəsi kreditlərdən əldə olunub. Kreditlər üzrə faiz gəlirləri 13,7% artaraq 27,093 milyon manata yüksəlib. Eyni zamanda, bankın faiz xərcləri cəmi 2% artaraq 8,795 milyon manat olub. Nəticədə, xalis faiz gəliri 15,8% artaraq 21,786 milyon manata çatıb. Bu, bankın əsas bank əməliyyatlarının gəlirliliyinin yaxşılaşdığını göstərən müsbət göstəricidir.

Ancaq qeyri-faiz gəlirlərinin strukturunda diqqətçəkən məqam var. Belə ki, bankın qeyri-faiz gəlirləri 21,7% artaraq 14,347 milyon manata yüksəlib. Bununla belə, artımın əsas hissəsi haqq və komissiya gəlirlərindən deyil, digər gəlirlər maddəsindən qaynaqlanıb.

Ötən ilin ilk doqquz ayında cəmi 31 min manat olan digər gəlirlər 2026-cı ilin eyni dövründə 1,924 milyon manata çatıb. Beləliklə, bu maddə üzrə artım təxminən 62 dəfə olub. Digər gəlirlərin 1,893 milyon manat artması bankın xalis mənfəətindəki 3,891 milyon manatlıq yüksəlişin təxminən yarısına bərabərdir.

Bu, analitik baxımdan mühüm məqamdır. Çünki digər gəlirlərin hansı əməliyyatlardan formalaşdığı və onların davamlı xarakter daşıyıb-daşımadığı məlum deyil. Əgər bu artım birdəfəlik əməliyyatlar, aktivlərin satışı, əvvəlki dövrlərdə yaradılmış ehtiyatların bərpası və ya digər qeyri-müntəzəm daxilolmalar hesabına yaranıbsa, onun növbəti hesabat dövrlərində təkrarlanacağına təminat yoxdur.

Digər tərəfdən, bankın haqq və komissiya gəlirləri cəmi 2,7% artaraq 10,265 milyon manata çatıb. Bu göstəricinin artım tempi xalis mənfəətin artım tempindən xeyli aşağıdır. Beləliklə, bankın əsas xidmətlərindən əldə etdiyi gəlirlərin genişlənməsi ilə mənfəətin yüksəlməsi arasında müəyyən fərq yaranır.

Bu baxımdan, “Premium Bank”ın mənfəət artımını yalnız əsas bank əməliyyatlarının səmərəliliyinin yüksəlməsi ilə izah etmək düzgün olmazdı. Gələcək dövrlərdə digər gəlirlərin səviyyəsi və mənşəyi mənfəətin davamlılığını qiymətləndirmək üçün əsas göstəricilərdən biri olacaq.

“PAŞA Sığorta”nın mənfəəti 10 faizdən çox azalıb, öhdəlikləri 40 faizdən çox artıb – TƏHLİL

Ehtiyat ayırmaları 59,4% artıb: kredit riskləri ilə bağlı siqnal

Hesabatda diqqət çəkən digər məqam mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmaların artmasıdır. Belə ki, bu məqsədlə ayrılan vəsait 700 min manatdan 1,116 milyon manata yüksəlib. Artım 59,4% təşkil edib.

Ehtiyat ayırmalarının artması avtomatik olaraq kredit portfelində problemli kreditlərin eyni nisbətdə çoxalması demək deyil. Bu göstərici kredit portfelinin həcmi, risklərin yenidən qiymətləndirilməsi, gözlənilən kredit zərərləri və borcalanların maliyyə vəziyyəti kimi amillərdən asılıdır. Bununla belə, bankın mümkün zərərlər üçün daha çox vəsait ayırması risklərin idarə olunması baxımından diqqətdən kənarda qalmamalıdır.

Xüsusilə kredit portfelinin 73%-ə yaxın hissəsinin biznes kreditlərindən ibarət olması bu məsələnin əhəmiyyətini artırır. Biznes kreditləri iqtisadi aktivlikdən, şirkətlərin pul axınlarından, daxili və xarici bazarlardakı vəziyyətdən daha çox asılıdır. Ayrı-ayrı sektorlarda satışların azalması, xərclərin artması və borclanma yükünün yüksəlməsi kreditlərin geri qaytarılmasına təsir göstərə bilər.

Digər tərəfdən, ehtiyat ayırmalarının 59,4% artmasına baxmayaraq, bankın xalis mənfəətinin 42,8% yüksəlməsi gəlirlərin ehtiyat xərclərini kompensasiya etmək üçün kifayət etdiyini göstərir. Lakin növbəti dövrlərdə kredit risklərinin daha da artması ehtiyat xərclərini yüksəldə və mənfəətə təzyiq göstərə bilər.

Bu səbəbdən bankın problemli kreditlərinin ümumi kredit portfelindəki payı, gecikdirilmiş kreditlərin həcmi, restrukturizasiya edilmiş borclar və yaradılmış ehtiyatların mümkün zərərləri qarşılama səviyyəsi ayrıca qiymətləndirilməlidir. Təkcə mənfəət göstəricisinin artması kredit portfelinin keyfiyyətinin yaxşılaşdığını təsdiqləmir.

Pul vəsaitləri və qiymətli kağızlar azalır: likvidlik məsələsi aktuallaşır

Bankın aktivlərinin strukturunda baş verən dəyişikliklər də risk təhlili baxımından əhəmiyyətlidir. 2026-cı ilin əvvəlində 170,014 milyon manat olan pul vəsaitləri və onların ekvivalentləri sentyabrın 30-na 156,825 milyon manata enib. Beləliklə, doqquz ay ərzində 13,189 milyon manat və ya təxminən 7,8% azalma qeydə alınıb.

Ticarət və investisiya qiymətli kağızlarının həcmi də 16,921 milyon manatdan 10,451 milyon manata düşüb. Azalma 6,470 milyon manat və ya 38,2% təşkil edib.

Nəticədə, bankın həm pul vəsaitləri, həm də qiymətli kağızlar şəklində saxladığı aktivlərin həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu aktivlər bankın likvidlik mövqeyinin qorunmasında mühüm rol oynayır. Onların azalması isə digər şərtlər dəyişmədiyi halda, gözlənilməz maliyyə ehtiyaclarının qarşılanması imkanlarına təsir göstərə bilər.

Əlbəttə, pul vəsaitlərinin azalmasını birbaşa likvidlik böhranı kimi qiymətləndirmək olmaz. Bankın kreditləşməni genişləndirməsi, aktivlərini daha gəlirli istiqamətlərə yönəltməsi və digər maliyyə əməliyyatları bu dinamikanı izah edə bilər. Lakin aktivlərin ümumi həcminin cəmi 0,2% artdığı şəraitdə likvid aktivlərin azalması bankın aktiv və öhdəliklərinin idarə olunmasının daha diqqətlə izlənilməsini tələb edir.

Burada kreditlərin depozitləri üstələməsi də əlavə əhəmiyyət qazanır. Bankın kredit portfelinin depozitlərdən təxminən 94,3 milyon manat çox olması və likvid aktivlərin azalması maliyyələşmə riskinin düzgün idarə olunmasını zəruri edir. Xüsusilə depozitlərin vaxt strukturu ilə kreditlərin geri ödəniş müddətləri arasında uyğunsuzluq yaranarsa, bankın likvidlik ehtiyacları arta bilər.

Digər tərəfdən, bankın likvidlik göstəricilərini tam qiymətləndirmək üçün qısamüddətli aktiv və öhdəliklərin bölgüsü, yüksək likvidli aktivlərin həcmi, depozitlərin konsentrasiyası və pul axınları haqqında daha ətraflı məlumat tələb olunur. Buna görə də mövcud göstəricilər riskin mövcudluğuna diqqət çəksə də, bankın likvidlik vəziyyətinin normativ tələbləri pozduğunu deməyə əsas vermir.

Bankın maliyyə hesabatında müsbət qiymətləndirilə biləcək əsas məqamlardan biri kapital adekvatlığı göstəricilərinin yüksək olmasıdır.

2026-cı il sentyabrın 30-na bankın balans kapitalı 198,126 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 197,391 milyon manat olub. Beləliklə, kapital cəmi 735 min manat və ya 0,4% artıb.

Bankın tutulmalardan sonrakı məcmu kapitalı 192,807 milyon manat, risk dərəcəsi üzrə ölçülmüş aktivləri isə 431,364 milyon manat təşkil edib. I dərəcəli kapitalın adekvatlıq əmsalı 40,51%, məcmu kapitalın adekvatlıq əmsalı 44,70% olub. Məcmu kapital adekvatlığı göstəricisinin minimum normativ tələbi əhəmiyyətli dərəcədə üstələməsi bankın kapital mövqeyinin güclü olduğunu göstərir.

Bu göstəricilər bankın mümkün maliyyə itkilərini qarşılamaq və kreditləşməni genişləndirmək üçün müəyyən kapital ehtiyatına malik olduğunu göstərir. Bununla belə, kapitalın cəmi 0,4% artması diqqətçəkən məqamdır. Xüsusilə mənfəətin 42,8% yüksəldiyi şəraitdə kapitalın daha sürətli artmaması əlavə araşdırma tələb edir.

Digər tərəfdən, bankın nizamnamə kapitalı 174,601 milyon manat səviyyəsində dəyişməz qalıb. Bölüşdürülməmiş mənfəət isə 15,683 milyon manat təşkil edib. Bu mənzərə kapitalın əsasən mövcud struktur daxilində formalaşdığını göstərir.

Beləliklə, kapital adekvatlığı hazırda bankın güclü tərəflərindən biri olsa da, gələcəkdə kredit portfelinin genişlənməsi, risklərin artması və aktivlərin keyfiyyətinin pisləşməsi bu göstəricilərə təsir göstərə bilər.

Unibankın üzləşdiyi problemlər: Kredit portfelinin genişlənməsi və faiz xərcləri hansı riskləri yaradır?

Xərclər artır, mənfəət vergisi üzrə xərc göstərilmir

Bankın xərclər strukturunda da müəyyən diqqətçəkən məqamlar var. 2026-cı ilin ilk doqquz ayında qeyri-faiz xərcləri 5,9% artaraq 22,034 milyon manata çatıb. Əməkhaqqı və digər kompensasiya xərcləri isə 13,5% artaraq 6,237 milyon manat təşkil edib.

Əməkhaqqı xərclərinin artması bankın fəaliyyətinin genişləndirilməsi, işçi heyətinin saxlanılması və əməkhaqlarının yüksəldilməsi ilə əlaqəli ola bilər. Lakin aktivlərin artımının cəmi 0,2% olduğu şəraitdə əməliyyat xərclərinin yüksəlməsi xərc səmərəliliyi məsələsini aktuallaşdırır.

Digər mühüm məqam mənfəət vergisi ilə bağlıdır. Bank 2026-cı ilin ilk doqquz ayında 12,983 milyon manat mənfəət əldə etsə də, maliyyə hesabatında mənfəət vergisi üzrə xərc göstərilməyib. Nəticədə, vergidən əvvəlki mənfəət və xalis mənfəət eyni məbləğdə qeydə alınıb.

Maraqlıdır ki, 2025-ci ilin müvafiq dövründə də bank mənfəət vergisi üzrə xərc göstərməyib. Bununla belə, bank 2025-ci ilin yekunları üzrə 3,143 milyon manat mənfəət vergisi açıqlayıb. Bu səbəbdən cari hesabatda vergi xərcinin göstərilməməsi avtomatik olaraq vergi öhdəliyinin olmadığı anlamına gəlmir. Burada vergi hesablamalarının dövrü, mühasibat və vergi mənfəəti arasındakı fərqlər, eləcə də vergi öhdəliklərinin tanınma qaydaları nəzərə alınmalıdır.

Dayanıqlı inkişaf sual altındadır

“Premium Bank”ın 2026-cı ilin ilk doqquz ayı üzrə maliyyə nəticələri ziddiyyətli mənzərə ortaya qoyur. Bir tərəfdən, bankın xalis mənfəəti 42,8%, xalis faiz gəlirləri 15,8%, qeyri-faiz gəlirləri isə 21,7% artıb. Digər tərəfdən, aktivlərin artımının cəmi 0,2% olması, likvid aktivlərin azalması, kreditlərin depozitləri üstələməsi və mümkün zərərlər üçün ehtiyat ayırmalarının 59,4% yüksəlməsi müəyyən risklərin mövcudluğuna işarə edir.

İlk növbədə, aktivlərin artım tempinin zəifliyi bankın bazardakı mövqeyinin genişlənməsi baxımından suallar yaradır. İkinci mühüm məsələ kredit portfelinin depozitlərdən daha sürətli artmasıdır. Üçüncü problem isə mənfəətin əhəmiyyətli hissəsinin digər gəlirlərdəki kəskin yüksəliş fonunda formalaşmasıdır. Bu gəlirlərin davamlılığı təsdiqlənmədiyi üçün mənfəətin gələcək dövrlərdə eyni səviyyədə qorunacağına dair qəti nəticə çıxarmaq mümkün deyil.

Bundan başqa, ehtiyat ayırmalarının artması kredit risklərinin diqqətlə izlənilməsinin vacibliyini göstərir. Biznes kreditlərinin portfeldə təxminən 73%-lik paya malik olması isə bankın iqtisadi konyunkturadan və korporativ müştərilərin maliyyə vəziyyətindən asılılığını artırır.